×
A
A
A
Sazlamalar

Dmitri Savelyev: Xocalı hadisələrinə soyqırımından başqa ad vermək çətindir

Moskva, 28 fevral, AZƏRTAC

Ümid edirəm ki, dünya ictimaiyyəti Xocalı qətliamına adekvat qiymət verəcək və Xocalıda uşaqların, qadınların və qocaların qətlə yetirilməsində iştirak etmiş bütün hərbi cinayətkarlar qanunla cəzalandırılacaq.
Bunu AZƏRTAC-ın müxbiri ilə söhbətində Rusiya-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri, Dövlət Dumasının deputatı Dmitri Savelyev deyib.
"Bu gün Azərbaycan xalqı Xocalıda baş verən faciəli hadisələrin ildönümü ilə bağlı ən səmimi və dərin hüznlə ifadə edilən başsağlığı mesajlarını qəbul edir. Təqvimdəki qara tarixdən neçə il keçsə də, Azərbaycan torpağının suvarıldığı bu günahsız qan unudula bilməz. O, həmişəlik bizim yaddaşımıza həkk olunacaq”, - rusiyalı deputat bildirib.
Dmitri Savelyev qeyd edib ki, 2022-ci il Azərbaycan tarixində əlamətdar il olub.
“Suveren dövlətin ərazi bütövlüyü qeyd-şərtsiz bərpa edilib. Lakin Xocalı faciəsinin qurbanları üçün ədalət indiyə qədər bərpa olunmayıb. Bu dəhşətli hadisələrə dünya ictimaiyyəti tərəfindən birmənalı qiymət verilməyib. Xocalı hadisələrinə soyqırımından başqa ad vermək çətindir. Lakin bir çox beynəlxalq təşkilatlar nə üçünsə, öz qərb metodikaları üzrə saxta və uydurulmuş faciələrdən bəhs edən nağıllara həddindən artıq diqqət yetirirlər. Halbuki sənədləşdirilmiş faktları görmürlər, bunlardan biri də Xocalıda törədilmiş faciədir”, - deyə o əlavə edib.
Deputat deyib: “Əminəm ki, zaman və qardaş Azərbaycan xalqının səyləri bu vəziyyəti əsaslı şəkildə dəyişə biləcək. Xocalı qətliamına, nəhayət, dünya ictimaiyyəti tərəfindən adekvat qiymət veriləcək, uşaqların, qadınların və qocaların qətlə yetirilməsində iştirak etmiş bütün hərbi cinayətkarlar qanunla cəzalandırılacaq”.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva

Xocalı faciəsi 2024-02-28 17:00:00