×
A
A
A
Sazlamalar

Azərbaycan pilotu Gülhüseyn Abdullayev Formula Körfəz Akademiyası çempionatında qalib gəlib

Bakı, 24 fevral, AZƏRTAC

Abu-Dabidəki Yas Marina trasında Formula Körfəz Akademiyası (Formula Gulf Academy) çempionatının növbəti mərhələsi keçirilib. Bu mərhələdə mübarizə aparan həmyerlimiz Gülhüseyn Abdullayev sonuncu yarışın qalibi olub.
AZƏRTAC “F-1.az” saytına istinadla xəbər verir ki, Azərbaycanı F4 və F3 çempionatlarında layiqincə təmsil edən həmyerlimiz qış fasiləsindən daha səmərəli yararlanmaq məqsədilə Yaxın Şərq turnirində mübarizəyə qoşulub.
Abu-Dabidə G.Abdullayev Formula Körfəz Akademiyası çempionatının sıralanma turunda üçüncü yeri tutub. Çempionatın formatına əsasən, iştirakçılar döqquz dövrədən ibarət üç yarışda güclərini sınayıblar. İlk yarışda sürücülər sıralanma turunun nəticələrinə uyğun, digər yarışlarda isə əvvəlki yarışın finişinin yekunlarına əsasən düzülüblər.
Birinci yarışda üçüncü yerdən start götürən həmyerlimiz qəzaya uğrayaraq mübarizəni vaxtından əvvəl dayandırıb. Ona görə də ikinci yarışda sonuncu yerdən start götürən G.Abdullayev bir-birinin ardınca gözəl ötmə manevrləri ilə rəqiblərini geridə qoyaraq finişdə üçüncü ola bilib. Sonuncu yarışa üçüncü yerdən başlayan pilotumuz bu dəfə finiş xəttini birinci keçərək Azərbaycanın bayrağını yüksəklərə qaldırıb.
Gülhüseyn Abdullayev uğurlu çıxışı barədə deyib: “Aşağı seriyalarda mövsümlərarası fasilə zamanı testlər olmur. Ona görə də sürücülər müxtəlif seriyalara qatılırlar ki, həm fiziki formalarını gücləndirsinlər, həm də sürücülük vərdişlərini təkmilləşdirsinlər. Mən də qərara aldım ki, Asiya çempionatlarından birinə qatılım. Rəqiblərim güclü idi. Əgər birinci yarışda önümdəki sürücü döngədə səhvə yol verməsəydi, qəza da olmazdı və yarışı ilk sıralarda bitirə bilərdim. Ona görə də bu həftə yalnız bir qələbə ilə kifayətlənməli oldum. Amma həm özümə, həm də mənə etibar edənlərə və dəstəkləyənlərə sübut etdim ki, yaxşı formadayam və qələbəyə iddialıyam. Ümid edirəm ki, F4 seriyasında bu il daha uğurlu çıxış edə biləcəyəm”.

İdman 2018-02-24 17:37:00