×
A
A
A
Sazlamalar

Qərbi Kaspi Universitetində “StartUp günləri” başlayıb

Bakı, 24 fevral, AZƏRTAC

Qərbi Kaspi Universitetinin (Western Caspian University) təşkilatçılığı ilə “StartUp günləri” başlayıb.
Universitetdən AZƏRTAC-a bildirilib ki, açılışda çıxış edənlər bu tədbirin əhəmiyyətindən danışıblar. Qeyd olunub ki, yaxşı ənənələri olan Qərbi Kaspi Universitetində innovativ layihə və tədbirlər həyata keçirilir. “StartUp günləri” də belə tədbirlərdən biridir. Təhsil ocaqları iqtisadiyyatın, istehsalatın çağırışlarına cavab verməli, kadr hazırlığında bu tələblər nəzərə alınmalıdır.
Yarışın ilk günündə gənc startupçuların ideyaları münsiflər heyəti tərəfindən qiymətləndilib. Yarışmaya tələbələrlə yanaşı, 100-ə yaxın məktəbli də qatılıb və onlardan 15-i final mərhələsinə keçib. Qalib gələn biznes ideyalar ətrafında komandalar formalaşıb və layihələrin prototipinin hazırlanmasına başlanılıb.
“StartUp günləri”nin ikinci günündə Universitetin yeni başlayan startupçuları üçün beynəlxalq ekspertin iştirakı ilə təlimlər keçiriləcək.
“StartUp günləri” çərçivəsində yerli startup sahiblərinin, ekspertlərin və informasiya texnologiyaları üzrə şirkət rəhbərlərinin tələbələrlə görüşləri təşkil olunacaq.
Qeyd edək ki, Qərbi Kaspi Universitetinin keçirdiyi “StartUp günləri”nə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, “StartUp Azərbaycan” layihəsinin təşkilat komitəsi, Yüksək Texnologiyalar Parkı, İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondu təşkilati dəstək verir.
“StartUp günləri”nin keçirilməsində məqsəd yeni startupların yaradılmasına kömək etmək və bu istiqamətdə tələbələrə informasiya-metodiki dəstək göstərmək, eləcə də internet biznesin inkişafına təkan vermək və milli startup infrastrukturunu inkişaf etdirməkdən ibarətdir.

Elm və təhsil 2018-02-24 17:13:00