×
A
A
A
Sazlamalar

Xocalı soyqırımını törədən şəxslərin Ermənistana rəhbərlik etməsi beynəlxalq hüquqa hörmətsizlikdir

Ankara, 25 fevral, AZƏRTAC 

Xocalı soyqırımının 26-cı ildönümü ilə bağlı Ankarada təşkil edilən silsilə tədbirlər davam edir. Paytaxtdakı Xocalı abidəsi önündə keçirilən tədbirdəki çıxışlarda Xocalıda soyqırımının törədilməsində iştirak edən şəxslərin müxtəlif zamanlarda Ermənistanda ən yüksək vəzifələrdə işləməsinin beynəlxalq hüquqa sığmadığını vurğulayıblar.
AZƏRTAC xəbər verir ki, Azərbaycanın Ankaradakı səfirliyinin paytaxtın Keçiörən rayonunda Xocalı soyqırımı qurbanlarının xatirəsinə ucaldılmış abidənin önündə yerli bələdiyyə ilə birgə təşkil etdiyi tədbirdə Türkiyənin tanınmış siyasi xadimləri, millət vəkilləri, qeyri-hökumət təşkilatlarının rəhbərləri, həmçinin Azərbaycandan nümayəndə heyətinin üzvləri iştirak ediblər.
Əvvəlcə soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Azərbaycan və Türkiyənin dövlət himnləri səsləndirilib, sonra Xocalı soyqırımı abidəsinin önünə gül-çiçək düzülüb.
Azərbaycanın Ankaradakı səfiri Xəzər İbrahim, Milli Məclisin deputatı Elman Məmmədov və Xocalı soyqırımı şahidi Rəhilə Quliyeva 26 il əvvəl Xocalıda yaşanan qanlı gecənin dəhşətlərindən danışıblar.
Türkiyə Böyük Millət Məclisinin sabiq sədri, millət vəkili Cəmil Çiçək bildirib ki, Xocalıda soyqırımının həyata keçirilməsində birbaşa iştirak edən Koçaryan, Sarkisyan və digər şəxslərin cəzalandırmaq əvəzinə Ermənistanda ən yüksək vəzifələrə seçilməsi beynəlxalq hüququn tapdalanmasıdır.
Tədbirdə çıxış edən Prezident Administrasiyasının məsul əməkdaşı Bəhruz Həsənov qeyd edib ki, Xocalı soyqırımı insanlığa qarşı törədilmiş cinayətdir və Azərbaycan ilə Türkiyə bu həqiqətin beynəlxalq ictimaiyyətə çatdırılmasında sosial media və digər platformalarda birgə fəaliyyət göstərməlidirlər.
Azərbaycan Prezidentinin tarixi torpağımız olan İrəvana qayıtmağımızın siyasi və strateji hədəfimiz olması fikrinin səslənməsi tədbir iştirakçıları tərəfindən böyük coşqu ilə qarşılanıb.
Türkiyə Böyük Millət Məclisinin Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Necdət Ünüvar, Keçiörən Bələdiyyəsinin sədri Mustafa Ak və digər çıxışçılar bildiriblər ki, Xocalı soyqırımının dəhşətləri heç vaxt unudulmayacaq və bu bəşəri faciəni unutmağa haqqımız yoxdur.

Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara

Xocalı faciəsi 2018-02-24 15:12:00