×
A
A
A
Sazlamalar

Pirallahılılar Xocalı soyqırımı qurbanlarının xatirəsini yad ediblər

Bakı, 23 fevral, AZƏRTAC

Fevralın 23-də V.Mustafazadə adına Mədəniyyət Mərkəzində 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni faşistləri tərəfindən törədilmiş Xocalı soyqırımının 26-cı ildönümünə həsr edilmiş tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, “Xocalıya ədalət” şüarı altında təşkil olunan tədbirdə Pirallahı Rayon İcra Hakimiyyəti başçısının müavini Vəzir Səfixanov, Milli Məclisin deputatı, Yap Xətai rayon təşkilatının sədri Hüseynbala Mirələmov, Xocalıdan olan məcburi köçkün ailələri, Pirallahı rayonunun idarə və təşkilatlarının, rayon ictimaiyyətinin nümayəndələri, orta məktəblərin müəllim və yuxarı sinif şagirdləri iştirak ediblər. Vaqif Mustafazadə adına Mədəniyyət Mərkəzində keçirilən tədbirdən əvvəl iştirakçılar rayon məktəblilərinin Xocalı soyqırımına həsr etdikləri rəsm sərgisi ilə tanış olublar. Sonra 26 il əvvəl erməni vəhşiliyinə tuş gəlmiş Xocalı soyqırımı qurbanlarının, bütün şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Pirallahı Rayon İcra Hakimiyyəti başçısının müavini Vəzir Səfixanov XX əsrin sonunda ermənilərin Xocalıda törətdikləri soyqırımını bütün insanlığa qarşı yönəldilmiş ən ağır cinayətlərdən biri kimi qiymətləndirib. Planlı şəkildə həyata keçirilən bu soyqırımının məhz Xocalıda törədilməsi təsadüfi deyil. İşğalçı ermənilər Azərbaycanın bu qədim yaşayış məskəninin yer üzündən silinməsini qarşıya məqsəd qoymuşdular. Çünki Xocalı Azərbaycanın qədim dövrlərinə aid olan ərazilərdən biri kimi tarixi və mədəniyyət abidələri ilə seçilirdi. Eyni zamanda, Xocalı şəhəri Azərbaycanın Dağlıq Qarabağ bölgəsində strateji əhəmiyyətli ərazi kimi də erməniləri narahat edirdi.
1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri keçmiş SSRİ-nin Xankəndidə yerləşən 366-cı motoatıcı alayının bilavasitə iştirakı ilə Xocalı şəhərini yerlə-yeksan ediblər. Çoxsaylı ağır texnika ilə şəhər tamamilə dağıdılıb, yandırılıb və insanlar xüsusi qəddarlıqla qətlə yetiriliblər. Onların arasında başları kəsilən, gözləri çıxarılan, dərisi soyulan, diri-diri yandırılan və digər insan adına sığmayan vəhşiliklərə məruz qalanlar çoxluq təşkil edirdi.
Vəzir Səfixanov bildirib ki, bütün dünyanın gözü qarşısında baş verən bu dəhşətli soyqırımının əsl mahiyyəti yalnız ümummilli lider Heydər Əliyev 1993-cü ildə xalqın təkidli tələbi ilə siyasi hakimiyyətə yenidən qayıtdıqdan sonra açıqlanıb, 1994-cü ilin fevralında Azərbaycan Milli Məclisi Xocalı soyqırımına siyasi-hüquqi qiymət verib. Bundan əlavə, azərbaycanlılara qarşı zaman-zaman törədilmiş soyqırımı ilə əlaqədar ümummilli lider Heydər Əliyevin 1998-ci il martın 26-da imzaladığı Fərmanla 31 mart tarixi Azərbaycanlıların Soyqırımı Günü elan edilib.
Milli Məclisin deputatı Hüseynbala Mirələmov Xocalı faciəsinin dünyada bənzərinin olmadığını vurğulayıb. Ötən əsrlər boyunca ermənilərin daim Azərbaycan ərazilərinə torpaq iddiaları olduğunu deyən H.Mirələmov bədnam qonşularımızın öz havadarlarına arxalanaraq silsilə soyqırımları törətməkdən də çəkinmədiklərini söyləyib. Xocalıdan öncə belə soyqırımları Meşəlidə, Kərkicahanda, Qaradağlıda baş vermişdi.
Sonra iştirakçılar Milli Məclisin deputatı Hüseynbala Mirələmovun Xocalı soyqırımına həsr edilmiş “Xəcalət” pyesi əsasında səhnələşdirilmiş eyniadlı tamaşaya baxıblar. Tamaşa Bakı Mühəndislik Universitetinin “Tələbə teatrı”nın kollektivi tərəfindən hazırlanıb.
Sonda rayon icra hakimiyyəti tərəfindən Milli Məclisin deputatı Hüseynbala Mirələmova və Bakı Mühəndislik Universitetinin “Tələbə teatrı”na fəxri fərmanlar təqdim olunub.

Xocalı faciəsi 2018-02-23 20:14:00