×
A
A
A
Sazlamalar

Azərbaycan Dövlət Pedaqoji Universitetində professor Tamuris Əliyevanın xatirəsi anılıb

Bakı, 23 fevral, AZƏRTAC

Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) görkəmli pedaqoq-alim, pedaqoji elmlər doktoru, professor Tamuris Əliyevanın 90 illik yubileyinə həsr edilmiş xatirə gecəsi keçirilib.
Universitetdən AZƏRTAC-a bildirilib ki, tədbirdə filologiya fakültəsinin dekanı, professor Buludxan Xəlilov görkəmli alimin həyat və yaradıcılığından bəhs edib.
ADPU-nun rektoru, professor Cəfər Cəfərov T.Əliyevanın 90 illik yubileyinə həsr edilmiş tədbiri təqdirəlayiq hal kimi dəyərləndirib. Rektor bildirib ki, 100 ilə yaxın tarixi olan universitet böyük alimlər, ziyalılar, mütəfəkkirlər, ictimai-siyasi xadimlər yetişdirib. Universitetdə bu böyük alimlərin adına auditoriyaların yaradılmasını, onların yubileyləri münasibətilə konfransların və digər tədbirlərin keçirilməsi planlaşdırılır.
Tədbirdə çıxış edənlər T.Əliyevanı tanınmış və tələbkar pedaqoq-alim, əsl ziyalı qadın kimi səciyyələndiriblər.
Sonda alimin qızı, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Nuridə İsmayılzadə tədbirin təşkilatçılarına və iştirakçılarına minnətdarlığını bildirib və anası ilə bağlı xatirələrini bölüşüb.
Qeyd edək ki, professor T.Əliyeva 1966-2007-ci illərdə ADPU-nun rus dili kafedrasının müdiri işləyib. Onun rəhbərlik etdiyi kafedrada 30-dan çox namizədlik dissertasiyası müdafıə olunub. O, 100-dən artıq məqalənin müəllifidir. Onun tədqiqatlarının əsas mövzusu orta və ali məktəblərin Azərbaycan bölmələrində rus dilinin tədrisinin təkmilləşdirilməsinin metodikası olub. 1985-ci ildə Moskvada “Azərbaycan məktəbində rus tələffüzünün sistemli şəkildə linqvodidaktik əsaslarının qurulması” mövzusunda doktorluq dissertasiyası müdafiə edən T.Əliyevaya 1986-cı ildə professor elmi adı verilib. Onun elmi rəhbərliyi ilə respublikamızın orta və ali məktəb müəllimləri 20-dən çox namizədlik dissertasiyası müdafiə ediblər. T.Əliyeva 2008-ci il fevralın 4-də vəfat edib.

 

Elm və təhsil 2018-02-23 16:20:00