×
A
A
A
Sazlamalar

Avstriya şirkətləri Bakıda keçiriləcək Beynəlxalq Limanlar Konfransına dəvət edilib

Bakı, 23 fevral, Elvin Camalov, AZƏRTAC

Avstriya şirkətləri Bakıda keçiriləcək Beynəlxalq Limanlar Konfransına dəvət olunub.
“Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-dən AZƏRTAC-a bildirilib ki, Bakı Limanının baş direktoru Taleh Ziyadov Azərbaycanda səfərdə olan Avstriyanın Federal Nəqliyyat, İnnovasiya və Texnologiya Nazirliyinin baş katibi Andreas Rayxhardtın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Yeni Bakı Limanının inkişaf konsepti barədə məlumat verən baş direktor qeyd edib ki, Azərbaycanın qeyri-neft sektorunun inkişafı, ölkənin nəqliyyat və logistika qovşağına çevrilməsi Prezident İlham Əliyevin siyasətinin vacib istiqamətidir. Ələtdə inşa olunan yeni Bakı Limanı qlobal dünya ticarətində mühüm yer tutur və onun əhəmiyyəti artmaqdadır.
Nümayəndə heyətinin diqqətinə çatdırılıb ki, bu il may ayının 8-11-də Mərkəzi Avrasiya regionunda ilk dəfə Beynəlxalq Limanlar Konfransı Bakıda keçiriləcək. Taleh Ziyadov Avstriya şirkətlərini tədbirə qatılmağa dəvət edib.
Görüşdə Azərbaycanın Avstriyadakı səfiri Qalib İsrafilov və Avstriyanın ölkəmizdəki səfiri Aksel Vex iştirak ediblər.

Nəqliyyat 2018-02-23 14:34:00