×
A
A
A
Sazlamalar

Andreas Peşke: Almaniya Azərbaycan ilə əməkdaşlığa böyük önəm verir VİDEO

Bakı, 22 yanvar, AZƏRTAC

Yanvarın 22-də Milli Məclisin Almaniya ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvləri Almaniya Xarici İşlər Nazirliyinin Şərqi Avropa, Qafqaz və Mərkəzi Asiya üzrə müvəkkili Andreas Peşke ilə görüşüblər.
AZƏRTAC xəbər verir ki, işçi qrupun üzvü Fuad Muradov ölkələrimiz arasında yüksək səviyyəli səfərlərin, aparılan danışıqların əhəmiyyətini qeyd edib. O, dövlət rəhbərləri arasında keçirilən görüşlərin ölkələrimizin münasibətlərinin möhkəmləndirilməsində önəmli olduğunu vurğulayıb.
Milli Məclislə Bundestaq arasında səmərəli əməkdaşlıqdan danışan deputat Bundestaqda Azərbaycanla dostluq qrupu üzvlərinin fəaliyyətini yüksək qiymətləndirib. Qeyd olunub ki, Almaniya xalqı Azərbaycanın işğal olunmuş torpaqları ilə bağlı beynəlxalq səviyyədə qəbul olunmuş qərarları dəstəkləyir.
Fuad Muradov deyib ki, Azərbaycan Almaniya ilə əlaqələrin gələcək inkişafına böyük önəm verir və bu gün siyasi, iqtisadi, mədəni sahələrdə əməkdaşlığımızın daha da dərinləşməsi üçün geniş imkanlar mövcuddur.
Almaniya Xarici İşlər Nazirliyinin Şərqi Avropa, Qafqaz və Mərkəzi Asiya üzrə müvəkkili Andreas Peşke belə görüşlərin əlaqələrimizin inkişafında səmərəli olduğunu deyib. O bildirib ki, Almaniyada son parlament seçkilərindən sonra yeni hökumətin, eyni zamanda, parlamentdə komitələrin və dostluq qruplarının formalaşdırılması işi hələ davam edir. Yeni Federal Hökumət hazırkı siyasətini davam etdirəcək. Bu, o deməkdir ki, Almaniya dövləti, hər zaman olduğu kimi, Azərbaycanla əməkdaşlığa böyük önəm verir.
Qeyd edilib ki, Avropa İttifaqı ilə Azərbaycan arasında yeni sazişin bağlanması ilə əlaqədar danışıqlar aparılır. Almaniya bu danışıqları dəstəkləyir. Andreas Peşke, eyni zamanda, hər iki ölkənin parlamentləri arasında, xüsusilə dostluq qrupları çərçivəsində sıx əlaqələrin olduğunu söyləyib.
Mədəni, humanitar sahələrdə əməkdaşlığın vacibliyi barədə danışan qonaq Azərbaycanda Höte Mərkəzinin yaradılmasını, Almaniyada Azərbaycan Mədəniyyət Evinin fəaliyyət göstərməsini təqdirəlayiq hal kimi dəyərləndirib. Diqqətə çatdırılıb ki, iqtisadi sahədə də əməkdaşlıq dinamik inkişaf edir.
Almaniyalı qonaq Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə söhbət açaraq, bu məsələdə ölkəsinin Azərbaycanın ərazi bütövlüyünü birmənalı şəkildə dəstəklədiyini vurğulayıb. Qeyd edilib ki, problem beynəlxalq hüquq normaları çərçivəsində, sülh yolu ilə həll olunmalıdır.
Görüşdə iştirak edən deputatlar Xanlar Fətiyev və Cavanşir Feyziyev bildiriblər ki, Almaniya Azərbaycan üçün ən çox maraq doğuran ölkələrdən biridir. Almaniya Avropanın ən böyük ölkəsidir və Almaniyadan gözləntilərimiz də böyükdür. İqtisadi sahədə münasibətlərimiz müsbət dinamika ilə inkişaf edir. Azərbaycan iqtisadi baxımdan geniş potensial imkanları olan ölkədir. Burada Almaniya şirkətləri üçün yaxşı şərait mövcuddur. Ölkələrimiz arasında iqtisadi, siyasi, mədəni və parlamentlər səviyyəsində əməkdaşlıq hər iki xalqın mənafelərinə xidmət edir.

Xarici siyasət 2018-01-22 13:16:00

Video