×
A
A
A
Sazlamalar

ABŞ-ın məşhur radio verilişində Azərbaycan-Ermənistan münasibətlərinin hazırkı vəziyyəti barədə məlumat verilib

Bakı, 16 avqust, AZƏRTAC

Ölkəmizin Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığındakı səfiri Elin Süleymanov ABŞ-ın məşhur və geniş auditoriyaya malik olan “Con Batçelor Şou” radio verilişinə Azərbaycan və Ermənistan münasibətlərinin hazırkı vəziyyəti barədə müsahibə verib.
Səfirlikdən AZƏRTAC-a verilən məlumata görə, müsahibədə Azərbaycanın işğaldan azad edilmiş ərazilərində aparılan yenidənqurma işləri, yaşıl enerji layihələri, ekosistemin bərpası, məcburi köçkünlərin qayıdışı barədə məlumat verilib. Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması üçün hazırda tarixi bir fürsətin mövcud olduğu qeyd edilib.
Azərbaycanın ərazi bütövlüyünün tanınması ilə bağlı Ermənistanın baş naziri Nikol Paşinyan tərəfindən bəyanatın səsləndirilməsinə baxmayaraq Ermənistan tərəfinin bunu əməldə nümayiş etdirmədiyi bildirilib, hələ də Qarabağda qeyri-qanuni erməni hərbi birləşmələrinin olduğu diqqətə çatdırılıb.
Səfir Ermənistan tərəfinin “soyqırımı” məfhumundan sui-istifadə etdiyini və Qarabağda “humanitar böhran” yaşanması ilə bağlı süni görüntü yaratdığını bildirib. Əslində isə Azərbaycanın humanitar yardım təklifindən ermənilərin imtina etdiyi diqqətə çatdırılıb. Azərbaycanın ümumi Qafqaz regionunun inkişafı üçün sülhün və inteqrasiyanın tərəfdarı olduğu diqqətə çatdırılıb.
Müsahibdə, həmçinin Azərbaycanın işğaldan azad edilmiş ərazilərində mina problemi barədə məlumat verilib, Böyük Britaniyanın və digər tərəfdaş ölkələrin ərazilərin minaların təmizlənməsində göstərdikləri dəstək vurğulanıb. Azərbaycan tərəfindən, həmçinin ərazilərin minalardan təmizlənməsi üçün Ukraynaya humanitar yardım göstərildiyi qeyd edilib.
Müsahibə ilə ətraflı şəkildə bu linkə keçid edərək tanış olmaq mümkündür.

Xarici siyasət 2023-08-16 20:34:00