×
A
A
A
Sazlamalar

Ceyhun Bayramov UNESCO-nun İcraiyyə Şurasının sədri və Baş direktorunun müavini ilə görüşüb

Bakı, 25 iyun, AZƏRTAC

İyunun 25-də Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov UNESCO-nun İcraiyyə Şurasının sədri Tamara Rastovac Siamaşvili və qurumun Baş direktorunun sosial və humanitar elmlər üzrə müavini Qabriela Ramos ilə görüşüb.
Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən AZƏRTAC-a bildirilib ki, görüşdə Azərbaycan və UNESCO arasında mövcud əməkdaşlıq gündəliyində duran aktual məsələlər, Azərbaycanın irəli sürdüyü təşəbbüslər, eləcə də regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Nazir Ceyhun Bayramov Azərbaycanın UNESCO-ya üzv olduğu tarixdən etibarən təşkilatın fəaliyyətinə, o cümlədən mədəniyyətlərarası dialoqun inkişafına və təşviqinə mühüm töhfələr verdiyini diqqətə çatdırıb. Bu xüsusda, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təşəbbüsü ilə həyata keçirilən “Bakı Prosesi” çərçivəsində təşkil olunan çoxsaylı beynəlxalq layihələrin əhəmiyyəti vurğulanıb.
Ölkəmizin cari il iyunun 26-29-da dünyada bədən tərbiyəsi və idman sahəsində ən əhəmiyyətli tədbirlərdən biri olan Bədən Tərbiyəsi və İdman üzrə Nazirlərin və Yüksək Vəzifəli Şəxslərin Beynəlxalq Konfransına (MINEPS) ev sahibliyi edəcəyi və bir çox ölkələrdən yüksək səviyyəli rəsmilərin iştirakı məmnunluqla qeyd olunub.
Ceyhun Bayramov postmünaqişə dövründə regionda mövcud vəziyyət, Azərbaycanın işğaldan azad olunmuş ərazilərində apardığı genişmiqyaslı bərpa və yenidənqurma işləri, Azərbaycan və Ermənistan arasında sülh prosesi, eləcə də mina təhlükəsi kimi bir sıra təhdidlər barədə qarşı tərəfi ətraflı məlumatlandırıb. Azərbaycanın göstərdiyi səylərə baxmayaraq, Ermənistanın hərbi-siyasi təxribatlarını davam etdirməsinin görülən bərpa-quruculuq işlərinə və sülh səylərinə təhdid olduğu bildirilib.
UNESCO-nun İcraiyyə Şurasının sədri Tamara Rastovac Siamaşvili Azərbaycanın UNESCO ilə aktiv əməkdaşlıq etdiyini bildirərək, MINEPS-in Bakıda keçirilməsinin bu əməkdaşlığın bariz nümunələrindən biri olduğunu diqqətə çatdırıb. Bu xüsusda, sözügedən tədbirin yüksək səviyyədə təşkil olunmasında göstərdiyi səylərə görə Azərbaycana təşəkkür ifadə edilib.
Baş direktorun müavini Qabriela Ramos məsul olduğu sosial və humanitar elmlər sahəsində UNESCO tərəfindən həyata keçirilən layihələr və təşəbbüslər, o cümlədən mədəniyyətlərarası dialoq, sosial innovasiyalar, süni zəka və idman fəaliyyəti kimi bir sıra istiqamətlər barədə ətraflı məlumat verib.
Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Xarici siyasət 2023-06-25 16:20:00