×
A
A
A
Sazlamalar

Azərbaycanlı gənclər İtaliya təhsil sistemi barədə məlumatlandırılıblar

Bakı, 21 oktyabr, M.Dadaşov, P.İmanova, AZƏRTAC

Oktyabrın 21-də Bakıda “İtaliyada təhsil al! Studiare in Italia” mövzusunda İtaliya təhsil sərgisi keçirilib.
AZƏRTAC xəbər verir ki, sərginin təşkilinin əsas məqsədi İtaliyada təhsilin mövcud imkanları barədə məlumat vermək və müxtəlif təhsil müəssisələrini eyni məkanda toplamaqdır.
Azərbaycan, Rusiya, Qazaxıstan və İtaliya mədəniyyətlərarası əməkdaşlığı çərçivəsində reallaşan ənənəvi sərgi təhsil sahəsində ”START!” agentliyinin təşkilatçılığı, Avropa ali məktəblərinin Rusiya və MDB-dəki rəsmi nümayəndəliyinin( STUDIES & CAREERS) dəstəyi ilə keçirilib.
İtaliyanın Roma, Milan, Florensiya, Venetsiya, Piza, Siena və digər şəhərlərini təmsil edən genişprofilli universitetlərin təmsil olunduğu sərgidə iştirakçılar üçün zəngin seçim imkanı yaradılıb.
İştirakçılar təhsil müəssisələrinin nümayəndələri ilə birbaşa ünsiyyət qurmaqla universitetlərə qəbul qaydaları və təhsil haqları barədə məlumatlandırılıb, onların İtaliyada təhsil və həyat səviyyəsi ilə bağlı sualları cavablandırılıb. Həmçinin onlar linqvistika, sosial elmlər, tibb, fəlsəfə, riyaziyyat, informatika fakültələrinə daxil olmaq barədə məlumatları müvafiq ali məktəblərin təqdimat mərasimlərində əldə ediblər.
Moda və dizayn sahəsində təhsillərini davam etdirmək və ya bu istiqamətdə təhsil almaq istəyənlər Istituto Marangoni, Istituto Carlo Secoli və Polimoda kimi nüfuzlu ali məktəblərin təqdimatında iştirak ediblər. Memarlıq və mühəndislik ixtisasına marağı olanlar Politecnico di Milano İnstitutunda təqdim edilən geniş ixtisas seçimi barədə məlumat alıblar. Təqdimatda, həmçinin incəsənət və yaradıcılıq ixtisaslarına maraq göstərənlər üçün Roma Gözəl Sənətlər Akademiyası – RUFA (Rome University of Fine Arts) təqdimat təşkil edib.
İqtisadiyyat, menecment və biznes istiqamətində təhsil imkanı təqdim edən ESCP Europe, MIP Politeсnico di Milano, Università Luigi Bocconi kimi İtaliyanın aparıcı biznes məktəblərini təmsil edən nümayəndələr bakalavriat, magistratura təhsili barədə, həmçinin yalnız tələbə auditoriyası üçün deyil, həm də müəyyən peşəkar təcrübəyə malik mütəxəssislər üçün də nəzərdə tutulan MBA proqramları və birillik proqramlarda təhsil imkanları barədə məlumat veriblər.

Elm və təhsil 2017-10-21 14:18:00