×
A
A
A
Sazlamalar

Azərbaycan Milli Elmlər Akademiyası ilə “Clarivate Analytics” təşkilatı arasında əməkdaşlıq genişlənir

Bakı, 20 oktyabr, AZƏRTAC

Oktyabrın 20-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) vitse-prezidenti, akademik İbrahim Quliyev “Clarivate Analytics” (“Thompson Reuters”) təşkilatının Əqli Mülkiyyət və Elm Departamentinin inkişaf etməkdə olan ölkələr üzrə baş direktoru Viji Krişnanın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
AMEA-dan AZƏRTAC-a bildiriblər ki, görüşdə akademik İbrahim Quliyev akademiya ilə təşkilat arasında əməkdaşlıq müqaviləsinin imzalandığını xatırladıb. Qeyd edilib ki, Azərbaycanda “Clarivate Analytics” təşkilatının “Web of Science” məlumat bazasının istifadəçilərinin sayı tədricən artır, iki qurum arasında əməkdaşlıq daha da genişlənir. Təşkilat rəhbərliyinə yaradılan imkanlara görə minnətdarlığını bildirən AMEA-nın vitse-prezidenti akademiyanın ayrı-ayrı elmi müəssisələrinin bu sahədəki fəallığını müəyyənləşdirmək məqsədilə statistik göstəricilərin bu elm müəssisəsinə təqdim olunması üçün müraciət edib.
Söhbət zamanı V.Krişnan AMEA ilə “Clarivate Analytics” arasında əməkdaşlığın hər iki tərəf üçün geniş perspektivlər açdığını qeyd edib. Vurğulanıb ki, görüşün əsas məqsədi akademiya ilə təşkilat arasında əməkdaşlığın gedişatını və “Web of Science” elmmetrik məlumat bazasından istifadə imkanlarının genişləndirilməsini müzakirə etməkdir. Təşkilat tərəfindən alimlər üçün nüfuzlu beynəlxalq elmi jurnallarda nəşr qaydalarını izah edən ustad dərslərinin təşkil olunduğunu deyən Viji Krişnan gələcəkdə bu kimi təlimlərin AMEA-nın gənc alimləri üçün də keçiriləcəyini bildirib.
Görüşdə, həmçinin patentlərin alınması, müəllif hüquqlarının qorunması, elmin kommersiyalaşdırılması, elmi nailiyyətlərin istehsalatda tətbiqi kimi vacib məsələlər müzakirə edilib.

Elm və təhsil 2017-10-20 18:32:00