×
A
A
A
Sazlamalar

Silahlı Qüvvələrdə Dövlət Müstəqilliyi Günü qeyd edilir

Bakı, 18 oktyabr, AZƏRTAC

İyirmi altı il əvvəl Azərbaycanın dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı qəbul edildi. Xalqımız XX yüzillikdə ikinci dəfə müstəqillik bayrağını qaldırdı. Sonrakı dövrdə müstəqilliyimizin möhkəmləndirilməsi məhz ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. 1993-cü ildə xalqın təkidli tələbi ilə dahi şəxsiyyətin siyasi hakimiyyətə qayıdışı ilə müasir dövlətçiliyimizin bünövrəsini qoyuldu. Hazırda bu dövlətçilik strategiyası Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə uğurla həyata keçirilir.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, bu fikirlər Dövlət Müstəqilliyi Günü münasibətilə Azərbaycan Silahlı Qüvvələrində keçirilən tədbirlərdə səsləndirilib.
Həzi Aslanov adına Mərkəzi Zabitlər Evinin təşkilatçılığı ilə müxtəlif hərbi hissələrdə keçirilən tədbirlərdə əvvəlcə xalqımızın ümummilli lideri Heydər Əliyevin və Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü uğrunda şəhid olan vətəndaşlarımızın xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının dövlət himni səsləndirilib.
Çıxış edənlər Ümummilli Liderimizin zəngin siyasi təcrübəsi, yüksək idarəçilik bacarığı ilə hədsiz dərəcədə bağlı olduğu Azərbaycanın müstəqilliyini təhlükədən qurtardığını şəxsi heyətə çatdırıblar.
Bildirilib ki, Ulu Öndər ölkədə xaosu, cəmiyyətdə hökm sürən iqtisadi, siyasi və mənəvi-psixoloji tənəzzülü aradan qaldırdı, yeni Silahlı Qüvvələrin formalaşmasının əsasını qoydu, dövlətimizin müstəqilliyinin əbədi və dönməz olmasını təmin etdi. Vaxtilə ulu öndər Heydər Əliyev tərəfindən qorunub saxlanılan müstəqilliyimiz bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə daha da möhkəmləndirilir.
Hərbi hissələrdə keçirilən tədbirlərdə Həzi Aslanov adına Mərkəzi Zabitlər Evinin yaradıcı kollektivi maraqlı konsert proqramları ilə çıxış edib.

Ordu 2017-10-18 20:12:00