×
A
A
A
Sazlamalar

Bərdədə kikboksinq üzrə rayon birinciliyinin qalibləri mükafatlandırılıb

Bakı, 17 oktyabr, AZƏRTAC

Bərdə rayon gənclər və idman idarəsinin təşkilatçılığı ilə “Çempion” kikboksinq idman klubunun zalında 18 oktyabr - Müstəqilliyi Gününə həsr olunmuş kikboksinq üzrə yeniyetmə və gənclər arasında rayon birinciliyi keçirilib.
AZƏRTAC xəbər verir ki, əvvəlcə dövlət himni səsləndirilib, şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Bərdə rayon gənclər və idman idarəsinin rəisi Anar Şahbazov tədbirdə çıxış edərək idmançıları qarşıdan gələn bayram münasibətilə təbrik edib, onlara uğurlar arzulayıb. O, Azərbaycanın şanlı müstəqillik tarixindən, onun qorunub saxlanılmasında ümummilli lider Heydər Əliyevinin xilaskarlıq missiyasından danışıb. Bildirib ki, dahi şəxsiyyətin siyasətini uğurla davam etdirən Prezident İlham Əliyevin diqqət və qayğısı nəticəsində ölkəmizdə digər sahələrlə yanaşı, idmanda da yüksək nailiyyətlər əldə olunub.
Sonra yarışa start verilib. Birincilikdə beş yaş kateqoriyası üzrə müxtəlif çəki dərəcələrində 107 idmançı mübarizə aparıb.
Yarışın yekununda qalib gələn idmançılar Bərdə rayon gənclər və idman idarəsinin diplom və medalları ilə təltif ediliblər.

İdman 2017-10-17 12:58:00