×
A
A
A
Sazlamalar

Gürcüstan Prezidenti GUAM xarici işlər nazirlərini qəbul edib

Tbilisi, 8 oktyabr, AZƏRTAC
Oktyabrın 8-də Gürcüstan Prezidenti Georgi Marqvelaşvili GUAM ölkələrinin xarici işlər nazirlərini qəbul edib.
AZƏRTAC xəbər verir ki, görüşdə GUAM-ın 20 illik yubileyi və Gürcüstanın bu təşkilata sədrliyi dövründə görülən işlərdən danışılıb. Prezident qeyd edib ki, GUAM çərçivəsində əməkdaşlığın inkişafı əsas prioritetlərdəndir.
Marqvelaşvili deyib: “GUAM formatında elə qətiyyətli addımlar atılmalıdır ki, ölkələrimiz arasındakı strateji tərəfdaşlıq münasibətləri daha da möhkəmlənsin və beynəlxalq arenada söz sahibi olaq”.
Onun sözlərinə görə, GUAM çərçivəsində elə addımlar atılmalıdır ki, Gürcüstan, Azərbaycan, Ukrayna və Moldovanın qarşılaşdıqları problemləri uğurla həll etmək mümkün olsun.
Görüşdə regional təhlükəsizlik, sənaye sahəsində əməkdaşlıq və qarşılıqlı münasibətlərin perspektivləri barədə fikir mübadiləsi aparılıb.
Görüşdə Azərbaycanın Gürcüstandakı səfiri Dursun Həsənov da iştirak edib.

Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi

Xarici siyasət 2017-10-08 20:32:00