×
A
A
A
Sazlamalar

“Aşqabad-2017”ni işıqlandıran jurnalistlər Türkmənistan Dövlət Tarix və Etnoqrafiya Muzeyində olublar

Aşqabad, 19 sentyabr, AZƏRTAC

Aşqabadda qapalı məkanlarda və döyüş növləri üzrə V Asiya Oyunlarını işıqlandıran beynəlxalq KİV nümayəndələri sentyabrın 19-da Türkmənistan Dövlət Tarix və Etnoqrafiya Muzeyində olublar.
AZƏRTAC-ın Aşqabada ezam olunan müxbiri xəbər verir ki, beynəlxalq KİV nümayəndələri arasında Azərbaycan təmsilçiləri də yer alıblar.
Məlumat verilib ki, Türkmənistanın bu ilk və ən böyük muzeyi ölkənin müstəqilliyini əldə etməsindən sonra yaradılıb. Muzeyin üç mərtəbədən ibarət binasının ümumi sahəsi 15 min kvadratmetrdir. Muzey 7 tematik qalereyadan ibarətdir ki, burada tarixə və mədəniyyətə dair 166 min nadir eksponat nümayiş olunur.
Jurnalistlər muzeydə qədim türkmən xalçaları, milli geyimlər, zərgərlik məmulatları və qədim silahlarla tanış olublar. Paleozoy dövrünə - 270 milyon il əvvələ aid dinozavr izləri, 1998-ci ildə Türkmənistan ərazisinə düşmüş 820 kiloqram ağırlığında Kunyaurqenç meteoriti isə qonaqlarda xüsusi maraq doğurub.
Əcnəbi jurnalistlərə Türkmənistanın flora və faunası haqqında da ətraflı məlumat verilib.
Muzeyin yerləşdiyi ərazidə Türkmənistan Prezidentinin Muzeyi yerləşir. Muzeyin qarşısında isə Dövlət Bayrağı Meydanı yerləşir.
KİV nümayəndələri Türkmənistan Tarix və Etnoqrafiya Muzeyindən xoş təəssüratlarla ayrılıblar.

 

Səxavət Quliyev
AZƏRTAC-ın müxbiri
Aşqabad

İdman 2017-09-19 16:51:00