×
A
A
A
Sazlamalar

Görkəmli ədəbiyyatşünas alim Qəzənfər Paşayevin 80 illik yubileyi qeyd olunub

Bakı, 19 sentyabr, AZƏRTAC
Sentyabrın 19-da Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasında görkəmli ədəbiyyatşünas alim, filologiya üzrə elmlər doktoru Qəzənfər Paşayevin 80 illik yubileyinə həsr olunan tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu tərəfindən təşkil olunan tədbirdə görkəmli elm və mədəniyyət xadimləri, Milli Məclisin deputatları, ziyalılar və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan AMEA-nın vitse-prezidenti, Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli görkəmli alimin elmi və bədii yaradıcılığından, ədəbiyyatımıza verdiyi töhfələrdən danışıb. Qeyd olunub ki, filoloji fikrimizin görkəmli nümayəndəsi Qəzənfər Paşayevin yaradıcılığının zirvəsi onun 1985-ci ildə bədii-publisist, elmi-memuar üslubda qələmə aldığı “Altı il Dəclə-Fərat sahillərində” əsəridir. Qəzənfər Paşayev doğma vətənində olduğu kimi İraq, Türkiyə, İran kimi ölkələrdə də dilçi, ədəbiyyatşünas, folklorçu kimi etiraf olunmuş alim, pedaqoq və ictimai xadimdir. Ömrünün səksəninci baharını tükənməz enerji, yaradıcılıq ehtirası ilə qarşılayan Qəzənfər müəllimi müasir humanitar fikrimizin səlahiyyətli söz sahibi etmiş yeddicildlik “Seçilmiş əsərləri” onun elmi maraq dairəsinin hüdudlarını, mövzu və mətləblərini, müəllifin vətəndaşlıq mövqeyini özündə ehtiva edir. İsa Həbibbəyli çıxışında Qəzənfər Paşayevin çoxcəhətli fəaliyyətindən bəhs edərək onun “Altı il Dəclə-Fərat sahillərində” əsərinin sovet dövründə ən çox oxunan kitablardan biri olduğunu diqqətə çatdırıb. Bildirib ki, Qəzənfər müəllim zəngin elmi fəaliyyəti ilə kərkükşünaslığın əsasını qoyub. O, sözü ilə Azərbaycan cəmiyyətində ağsaqqal ziyalı kimi qəbul olunur. Qəzənfər Paşayev alim və ölkənin ağsaqqal ziyalısı kimi Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda, Azərbaycan Yazıçılar Birliyində və Respublika Ağsaqqallar Şurasında fəaliyyəti ilə bir nümunəyə çevrilib.
İnstitutun şöbə müdiri, professor Şirindil Alışanov Azərbaycan ədəbiyyatı qarşısında böyük xidmətləri olan Qəzənfər Paşayevin yaradıcılığı barədə məruzə ilə çıxış edib. Qəzənfər Paşayevə bütün türk dünyasında böyük sayğı olduğunu vurğulayan Şirindil Alışanov onun ziyalı, dost, vətəndaş kimi yüksək keyfiyyətlərindən də bəhs edib. Bildirib ki, Qəzənfər Paşayevin imzasını tanıdan, ona bir filoloq alim kimi hörmət və nüfuz qazandıran, onun İraq türkmanlarının varlığını özündə yaşadan mənəvi yaddaşın bütün daşıyıcılarına eyni həssaslıq və professionallıqla yanaşması, onların bitib-tükənməyən milli-bədii tutumunu üzə çıxarmasıdır. Qəzənfər müəllimin klassik ədəbi irs, dil tarixi, qarşılıqlı ədəbi təsir, müasir ədəbi proses haqqında yazanda və danışanda da İraq türkmanlarının zəngin mədəniyyətinin ona aşıladığı bir ovqata köklənir. Qəzənfər Paşayevin humanitar fikrini müxtəlif sahələrini eyni səriştəliklə tədqiq etməyinin kökü onun geniş elmi erudisiyasından, böyük həyat təcrübəsindən irəli gəlir. Azərbaycan Dillər Universitetində ingilis və Azərbaycan dilləri ixtisasına yiyələnməsi, uzun illər xaricdə rus və ingilis dilləri üzrə tərcüməçi işləməsi, İraqda işlədiyi müddətdə ərəb dünyası ilə yaxından tanışlığı onun elmi tədqiqatları üçün ədəbi-tarixi zəmin yaradıb. Altı ildən çox İraqda tərcüməçilik fəaliyyəti dövründə müşahidə və elmi axtarışları əsasında yazdığı “Altı il Dəclə-Fərat sahillərində” əsəri bu illərin bəhrəsi olmaqla yanaşı, onun sonrakı fəaliyyətinin də bütün istiqamətlərini müəyyən edib.
Qeyd olunub ki, Qəzənfər Paşayevin “İraq türkman folkloru” və “Kərkük folklorunun janrlar” kimi sanballı monoqrafiyaları bu diyarda meydana çıxmış folklor nümunələrini müasir elmi biçimdə dünya ictimaiyyətinə təqdim edən əsərlərdir.
Tədbirdə çıxış edən akademiklər Teymur Bünyadov və Nizami Cəfərov, Azərbaycan Ağsaqqallar Şurasının sədri, Milli Məclisin deputatı Fəttah Heydərov, professor Buludxan Xəlilov, Xalq Şairi Sabir Rüstəmxanlı, kərküklü qonaqlar Mustafa Ziya və Şəmsəddin Kuzəçi görkəmli alim Qəzənfər Paşayevin yaradıcılığından söz açıblar, onunla bağlı ürək sözlərini deyiblər. Çıxışlarda vurğulanıb ki, səksən illik ömrünü böyük ləyaqətlə yaşamış, xalqımıza Kərkük dünyasını bəxş etmiş təvazökar el ağsaqqalı, nəcib ailə başçısı Qəzənfər müəllimin həyat yolu onun həmkarlarının, oxucularının fəxr etdiyi, ehtiram göstərdiyi elm və vətəndaşlıq ünvanıdır.
Sonda alimin həyat və yaradıcılığını əks etdirən slayd nümayiş olunub.

Elm və təhsil 2017-09-19 12:11:00