×
A
A
A
Sazlamalar

“Çelsi”-“Qarabağ” qarşılaşması Britaniya mətbuatının diqqət mərkəzindədir

London, 12 sentyabr, AZƏRTAC

Böyük Britaniya mətbuatı bir neçə saatdan sonra start götürəcək “Çelsi”-“Qarabağ” qarşılaşmasına, eləcə də Ağdam təmsilçisinin uğurlarına böyük diqqət yetirir. Britaniyanın nüfuzlu mətbu orqanlarından sayılan “BBC Sport”, “Mirror”, “The Sun”, “Evening Standard”, “SKY News” və daha bir çox qəzet və jurnallarında bu haqda geniş məqalələr dərc edilib.
Yazılarda “Qarabağ” komandasının UEFA Çempionlar Liqasının pley-off mərhələsində Danimarkanın “Kopenhagen” klubunu mübarizədən kənarlaşdırdığı diqqətə çatdırıb. Qeyd olunub ki, “Qarabağ” UEFA Çempionlar Liqasında ilk dəfədir iştirak edir. Bu baxımdan komandanın “Çelsi” ilə keçirəcəyi ilk qarşılaşma böyük maraq doğurur.
Məqalələrdə hər iki komandanın baş məşqçilərinin fikirlərinə də yer verilib. “Çelsi” klubunun baş məşqçisi Antonio Konte “Qarabağ” komandasının ilk dəfə UEFA Çempionlar Liqasında oynamasına baxmayaraq, güclü kollektiv olduğunu bildirib. Qeyd edib ki, komandanın bəzi oyunçularını yaxından tanıyır.
“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov isə rəqibin güclü olmasına baxmayaraq, inamla mübarizə aparacaqlarını qeyd edib. O bildirib ki, oyun zamanı əsasən müdafiəyə üstünlük verilsə də, hücumlara da diqqət yetiriləcək.


Orxan İsmayılov
AZƏRTAC-ın xüsusi müxbiri
London

İdman 2017-09-12 20:53:00