×
A
A
A
Sazlamalar

Azərbaycan şahmatçıları Avropa birinciliyində irəlidədirlər

Bakı, 12 sentyabr, AZƏRTAC

Rumıniyanın Mamaya şəhərində şahmat üzrə Avropa birinciliyinin altıncı turunun görüşləri keçirilib.
AZƏRTAC xəbər verir ki, altı turdan sonra Azərbaycan təmsilçiləri – FIDE ustası Gövhər Beydullayeva və ustalığa namizəd Aydın Süleymanlı öz yaş qrupları cədvəlində birinci yerdədirlər.
On iki yaşınadək oğlanların qrupunda A.Süleymanlı 5,5 xalla polyak şahmatçı Yakub Çizi ilə 1 və 2-ci yerləri bölüşür. On dörd yaşınadək qızların qrupunda Gövhər Beydullayeva eyni miqdarda xalla ukraynalı Mariya Berdniklə 1 və 2-ci yerləri bölüşür.
Ustalığa namizəd Read Səmədov 5 xal toplayaraq 10 yaşınadək oğlanların qrupunda 2-9-cu yerləri bölüşür. Bu qrupda 5,5 xal toplamış italiyalı Mark-Andria Maurissi liderlik edir.
Rusiyalı şahmatçı Veronika Şubenkova 10 yaşınadək qızların qrupunda liderdir. Dörd şahmatçı, o cümlədən Azərbaycan nümayəndəsi Səmra Qasımova ondan bir xal geri qalır.
Bu gün yarışların yeddinci turu keçiriləcək. Sentyabrın 14-də birinciliyə yekun vurulacaq. İsveçrə sistemi üzrə keçirilən turnir doqquz turdan ibarətdir.

İdman 2017-09-12 17:54:00