×
A
A
A
Sazlamalar

Bu gün futbol üzrə Topaz Premyer Liqasında IV tura start veriləcək

Bakı, 9 sentyabr, AZƏRTAC

Bu gün futbol üzrə Topaz Premyer Liqasında IV tura start veriləcək.
AZƏRTAC xəbər verir ki, turun ilk oyun günündə iki matç keçiriləcək.
Günün ilk görüşündə üç turdan sonra üç xala malik “İnter” klubu bir xalla sonuncu pillədə qərarlaşan Gəncə təmsilçisi “Kəpəz”i qəbul edəcək. “İnter Arena”da təşkil ediləcək qarşılaşmaya baş hakim kimi Əliyar Ağayev təyin olunub. Oyun saat 17:00-da start götürəcək.
Bu kollektivlər arasında keçirilən son səkkiz oyunda qonaq tərəf qələbə qazana bilməyib. “İnter” son 13 matçda bir dəfə uduzub. Ümumiyyətlə, paytaxt təmsilçisi gəncəlilərə qarşı keçirdiyi 26 matçdan 15-də qalib gəlib, 5 dəfə uduzub. Altı oyun bərabərə başa çatıb.
Günün ikinci qarşılaşması “Qəbələ” və “Zirə” komandaları arasında oynanılacaq. Qəbələ şəhər stadionunda keçiriləcək oyun saat 20:30-da start götürəcək. Turun mərkəzi görüşünü Ömər Paşayev idarə edəcək.
Mövsümə ardıcıl üç qələbə ilə başlayan qonaqlar doqquz xalla birinci pillədə qərarlaşıblar. Yalnız səfərdə “Qarabağ”a məğlub olan meydan sahibləri isə üçüncü pillədədirlər.
“Qəbələ” son altı matçdır ki, meydanı qolsuz tərk etmir. Son iki görüşdə heç-heçə qeydə alınıb. Paytaxt təmsilçisi ilə qarşılaşdığı səkkiz oyundan üçündə qələbə qazanan “Qəbələ” iki görüşdə məğlub olub.
Turun digər matçı sentyabrın 10-da keçiriləcək. Həmin gün “Sumqayıt” klubu “Kapital Bank Arena”da paytaxt təmsilçisi “Neftçi” ilə qarşılaşacaq. Saat 19:00-da başlayacaq qarşılaşma Rəhim Həsənova həvalə olunub.
IV tur çərçivəsində sentyabrın 8-də keçirilməsi nəzərdə tutulan “Səbail”–“Qarabağ” görüşü Ağdam təmsilçisinin UEFA Çempionlar Liqasının qrup mərhələsində “Çelsi” komandası ilə matça yaxşı hazırlaşması məqsədilə dekabrın 8-də oynanılacaq.
Xatırladaq ki, üç turdan sonra doqquz xala malik “Zirə” klubu Ağdam komandası ilə birlikdə turnir cədvəlində birinci-ikinci pillələri bölüşürlər. “Qəbələ” klubu altı xalla üçüncü yerdədir.

İdman 2017-09-09 11:28:00