


Bolqarıstan Qara dənizin mühafizəsi üçün Belçika və Niderlanddan 7 minaaxtaran gəmi alacaq
Bakı, 28 avqust, AZƏRTAC
Bolqarıstan Qara dənizdə minaların zərərsizləşdirilməsi imkanlarının gücləndirilməsi və NATO-nun gəmiçilik marşrutlarının təhlükəsizliyinin təmin edilməsi istiqamətində səyləri çərçivəsində Belçika və Niderlanddan yeddi minaaxtaran gəminin alınmasını təsdiqləyib. Bu barədə AZƏRTAC xarici mediaya istinadla xəbər verir.
NATO-nun iyul ayında keçirilmiş sammitində Bolqarıstan Rumıniya və Türkiyə ilə birlikdə Qara dənizdə üzən minaların zərərsizləşdirilməsi ilə məşğul olan birgə operativ qrupun fəaliyyət dairəsinin genişləndirilməsinə razılıq verib. Bu çərçivədə kritik əhəmiyyətli infrastruktur obyektlərinin mühafizəsi üzrə missiyalar da qrupun fəaliyyətinə daxil edilib.
Qara dəniz sahilində NATO-nun Gürcüstan, Rusiya və Ukrayna ilə həmsərhəd olan üç üzvü üzən minaların yaratdığı təhlükəyə qarşı mübarizə aparmaq məqsədilə 2024-cü ildə minatəmizləmə üzrə operativ qrup yaradıb.
Çərşənbə günü parlamentin təsdiqlədiyi Niderlandla satış müqaviləsinə əsasən, Bolqarıstan minaların və mina obyektlərinin axtarışı və məhv edilməsi üçün avadanlıqla təchiz edilmiş üç gəmi alacaq. Belçika, Niderland və Bolqarıstan arasında ayrıca təhvil-təslim haqqında saziş isə daha 4 gəmini əhatə edir.
Niderland mülkiyyət hüququnun təhvil verilməsinə qədər üç gəminin texniki imkanlarının bərpa edilməsini və döyüş hazırlığının artırılmasını öz üzərinə götürüb. Bununla yanaşı, Bolqarıstan yeddi gəminin hamısının NATO-nun döyüş hazırlığı standartlarına uyğun vəziyyətə gətirilməsi üçün zəruri olan təmir və bərpa işlərinin xərclərini ödəyəcək.
Nepalda daşqın nəticəsində ölənlərin sayı 469 nəfərə çatıb
BYD qlobal elektromobil bazarında ABŞ-nin “Tesla” şirkətini yenidən geridə qoyub
Bolqarıstan Qara dənizin mühafizəsi üçün Belçika və Niderlanddan 7 minaaxtaran gəmi alacaq
Çində qızıl külçə udan 5 yaşlı uşaq xilas edilib
Yəmən və Somali sahillərində 6 bal gücündə zəlzələ baş verib