×
A
A
A
Sazlamalar

Almaniya və daha beş Aİ ölkəsi yeni maliyyə çərçivəsi üzrə mövqelərini razılaşdırıb

Berlin, 27 avqust, AZƏRTAC
Almaniya, Danimarka, Niderland, Avstriya, Finlandiya və İsveç Avropa İttifaqının (Aİ) 2028-2034-cü illər üzrə Çoxillik Maliyyə Çərçivəsi ilə bağlı ortaq mövqe nümaiyş etdiriblər.
AZƏRTAC xəbər verir ki, Almaniya Kansleri Fridrix Merts həmkarları ilə Berlində keçirdiyi görüşdən sonra qrupun Aİ-nin növbəti büdcəsi üzrə danışıqlarda realizm, ölçülülük və islahatlara hazırlıq prinsipini müdafiə edəcəyini bildirib. O, növbəti Aİ büdcəsinin XXI əsrin çağırışlarına cavab verə bilməsinin vacibliyini ifadə edərək deyib: “Siyasi prioritetlərimizi əks etdirən müasir Çoxillik Maliyyə Çərçivəsinə ehtiyacımız var”.
Görüşdə Aİ büdcəsinin müasir çağırışlara uyğunlaşdırılması, xüsusilə təhlükəsizlik və müdafiə, rəqabətqabiliyyətlilik, miqrasiya və suverenliyin prioritet istiqamətlər kimi müəyyənləşdirilməsi vurğulanıb.
Altı ölkə Aİ büdcəsinin maliyyələşdirilə bilən səviyyədə qalmasının vacibliyini qeyd edib. Avropa Komissiyasının təxminən 2 trilyon avroluq büdcə təklifinin bir neçə yüz milyard avro azaldılmasının zəruriliyi vurğulanıb. Liderlərin qəbul etdiyi bəyanatda bütün büdcə istiqamətlərinin bu ixtisarlara töhfə verməli olduğu qeyd edilir.
Tərəflər danışıqları 2026-cı ildə başa çatdırmaq niyyətində olduqlarını açıqlayıblar. Həmçinin yeni birgə borclanmanın Aİ-nin büdcə problemlərinin həlli olmadığını və struktur islahatlarının alternativi sayıla bilməyəcəyi ifadə olunub.

Elvin Mövsüm
AZƏRTAC-ın xüsusi müxbiri
Berlin

Dünya 2026-08-27 23:41:00