×
A
A
A
Sazlamalar

Avropa birinciliyində 15 medal qazanan atletlər Vətənə qayıdıblar

Bakı, 27 avqust, AZƏRTAC
Ağırlıqqaldırma üzrə yeniyetmələrdən ibarət Azərbaycan yığma komandası səhər saatlarında Vətənə qayıdıb.
AZƏRTAC xəbər verir ki, Kosovonun paytaxtı Priştina şəhərində keçirilmiş Avropa birinciliyində 15 medal qazanan atletlər Heydər Əliyev Beynəlxalq Aeroportunda təntənəli şəkildə qarşılanıblar. Daha sonra AAF-ın vitse-prezidenti Firdovsi Umudov, baş məşqçi Sərdar Həsənov və idmançılar media nümayəndələrinin suallarını cavablandırıblar.
Firdovsi Umudov bildirib ki, hər dəfə beynəlxalq yarışlara yollananda komandanın qarşısında dövləti layiqincə təmsil etmək məqsədi durur: “Azərbaycanda idmana xüsusi diqqət var. Biz bu diqqət və qayğını, eyni zamanda, məsuliyyəti həmişə hiss etmişik. 11 idmançı ilə qatıldığımız yarışdan 15 medal gətirdik. Ötən il bu yarış İspaniyada keçiriləndə medal sayımız 7 olmuşdu. Biz təsadüfi uğurlara deyil, sistemli işə köklənmişik”.
Milli komandanın baş məşqçisi Sərdar Həsənov yarış öncəsi çox keyfiyyətli hazırlıq keçdiklərini vurğulayıb: “Əlbəttə biz hər bir idmançımızdan medal gözləyirik, amma bu yarış bəziləri üçün ilk beynəlxalq təcrübə idi. Əsas məqsədimiz odur ki, bu idmançılar artan dinamika ilə inkişaf etsinlər. Çünki onlar üçün hələ hər şey indi başlayır”.
Avropa birinciliyinin mükafatçıları da çıxış edərək, gələcəkdə daha böyük uğurlar qazanacaqlarına inandıqlarını bildiriblər.

İdman 2026-08-27 15:46:00