


Şahin Diniyev: “Qarabağ”ın mərhələ adlamaq üçün üstünlükləri var
Bakı, 27 avqust, AZƏRTAC
Bugünkü cavab qarşılaşması hər iki klub üçün həlledici xarakter daşıyır. Bu oyun avrokuboklarda mübarizəni davam etdirmək üçün sadəcə 90 dəqiqəyə deyil, bəlkə də əlavə olunmuş vaxta və penaltilər seriyasına gedib çıxa bilər. İlk matçdakı hesab bizi aldatmamalıdır. “Tvente” çətin, ciddi, əks-hücumlarda sürətli olan və hücum futbolunu sevən rəqibdir. İlk oyunda da “Qarabağ”ın müəyyən çətinliklərlə üzləşdiyini gördük.
Bu sözləri AZƏRTAC-a açıqlamasında Azərbaycan millisinin sabiq baş məşqçisi Şahin Diniyev “Qarabağ”ın UEFA Konfrans Liqasının pley-off mərhələsində Bakıda Niderlandın “Tvente” komandası ilə keçirəcəyi cavab matçı barədə danışarkən deyib.
Mütəxəssis Ağdam təmsilçisinin mərhələ adlamaq şanslarını daha yüksək dəyərləndirib: “Qarabağ”ın müəyyən üstünlükləri var. Faiz nisbəti ilə götürsək, şanslar 60-ın 40-a Qurban Qurbanovun komandasının lehinədir. Klubun zəngin Avropa təcrübəsi, öz azarkeşləri önündə oynaması və ilk matçdan sonra hesabda öndə olması bu qarşılaşmada əsas üstünlükləri olacaq. “Qarabağ” hesaba görə oynamağı bacaran kollektivdir”.
O, Ağdam klubunun rəqibini ciddiyə alacağını və növbəti mərhələyə adlayacağını düşündüyünü bildirib: “Rəqib mütləq ciddiyə alınmalıdır və inanıram ki, elə də olacaq. Düşündüyümüz kimi asan oyun keçməyəcək. İnanıram ki, təmsilçimiz avrokuboklarda ölkəmizi layiqincə təmsil etməyə davam edəcək”.
Qeyd edək ki, bu gün Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək görüş saat 20:00-da başlayacaq. Bu cütün qalibi Konfrans Liqasının əsas mərhələsinə vəsiqə qazanacaq. Komandalar arasında Niderlandda keçirilmiş ilk matç “Qarabağ”ın 1:0 hesablı qələbəsi ilə başa çatıb.
“Sabah”ı püşkatmada təmsil edəcək şəxslər müəyyənləşib
Avropa birinciliyində 15 medal qazanan atletlər Vətənə qayıdıblar
“Sabah” futbol klubuna 5 milyon manat ayrılıb
Şahin Diniyev: “Qarabağ”ın mərhələ adlamaq üçün üstünlükləri var
“Barselona”nın stadionu 2029-cu il Çempionlar Liqasının finalına əsas namizəddir