×
A
A
A
Sazlamalar

Biznes subyektləri Rəqabət Məcəlləsindəki dövlət nəzarəti mexanizmləri barədə məlumatlandırılıb

Bakı, 26 avqust, AZƏRTAC

Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin və “Caspian Energy Club”ın birgə təşkilatçılığı ilə “Təbii inhisar subyektlərinə qadağan edilmiş hərəkətlər” mövzusunda seminar keçirilib. Seminarda pərakəndə ticarət, istehsal, ixrac, logistika, nəqliyyat, xidmət və digər sahələrdə fəaliyyət göstərən 40-dan çox biznes subyekti iştirak edib.
Dövlət Agentliyindən AZƏRTAC-a bildirilib ki, tədbir çərçivəsində təbii inhisarların fəaliyyətini şərtləndirən amillər, Rəqabət Məcəlləsində nəzərdə tutulan tənzimləmə meyarları, razılıq tələb olunan hərəkətlər və həmin hərəkətlərlə bağlı müraciətlərin baxılması qaydaları barədə məlumat verilib. Bundan əlavə, məhsulların istehsalı (satışı) zamanı təbii inhisar subyektlərinə qadağan olunan hərəkətlər, istehlakçılara münasibətdə ayrı-seçkiliyə yol verilməməsi, müştərilərin hüquq və mənafelərinin qorunması ilə bağlı normalar diqqətə çatdırılıb.
Sonda seminar iştirakçılarının sualları cavablandırılıb, onlara əyani nümunələr üzərindən izahlar verilib.

İqtisadiyyat 2026-08-26 13:15:00