×
A
A
A
Sazlamalar

Pakistan səfiri: Yaxın zamanda Azərbaycanla enerji sektorunda əməkdaşlığın inkişafı ilə bağlı xoş xəbərlər eşidəcəyik

Bakı, 26 avqust, AZƏRTAC

Azərbaycanın qarşılıqlı faydalı və kommersiya baxımından səmərəli layihələrə investisiya yatırmağa hazır olması Pakistan tərəfindən müsbət qarşılanıb. Bu, Pakistanda gedən güclü iqtisadi inkişafın göstəricisidir. Eyni zamanda, bu yanaşma qardaş ölkələrimizin rəhbərlərinin ikitərəfli münasibətlərin ticarət və investisiya da daxil olmaqla, şaxələndirilmiş sahələr üzrə möhkəm əsaslandırılması ilə bağlı baxışını əks etdirir.
Bu sözləri AZƏRTAC-a açıqlamasında Azərbaycanın Pakistan iqtisadiyyatına 2 milyard dollar investisiya yatırmaq niyyəti və bu istiqamətdə görülən işlər barədə danışan səfir Qasım Mouhiddin deyib.
“Hər iki tərəfdən ekspertlər müxtəlif sahələrdə planlaşdırma və texniki-iqtisadi əsaslandırma mərhələsindən konkret layihələrin həyata keçirilməsinə mümkün qədər sürətlə keçmək üçün intensiv fəaliyyət göstərirlər. Konkret detallara varmadan deyə bilərəm ki, yaxın zamanda, xüsusilə Azərbaycanın böyük təcrübəyə malik olduğu enerji sektorunda əməkdaşlığın inkişafı ilə bağlı xoş xəbərlər eşidəcəyimizə əminəm. Müdafiə və bağlantı da daxil olmaqla, digər sahələrdə əməkdaşlıq məsələləri də fəal müzakirə olunur”, - deyə diplomat əlavə edib.

Müxbir – Ceyhun Xəlilov

İqtisadiyyat 2026-08-26 13:09:00