


Prezident İlham Əliyevin Özbəkistana səfəri münasibətlərin dərinləşməsinə böyük töhfə verəcək - ŞƏRH
Bakı, 25 avqust, AZƏRTAC
Prezident İlham Əliyevin Özbəkistana səfəri və Daşkənddə Azərbaycan ilə Özbəkistan arasında Ali Dövlətlərarası Şuranın 3-cü iclasının keçirilməsi ölkələrimiz arasında dostluq, qardaşlıq münasibətlərinin dərinləşməsinə böyük töhfə verəcək. Azərbaycanla Özbəkistan arasında mövcud əlaqələr ikitərəfli əməkdaşlıqla yanaşı, Mərkəzi Asiya ilə Cənubi Qafqaz və Avropanı birləşdirəcək geosiyasi və geoiqtisadi proses kimi qiymətləndirilir. Azərbaycanın Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət Görüşünə tamhüquqlu üzv qəbul edilməsində Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin böyük rolu və dəstəyi olmuşdu. Bununla da Azərbaycan coğrafi cəhətdən Cənubi Qafqazda yerləşməsinə baxmayaraq, Mərkəzi Asiya regionunun da bir hissəsi kimi qəbul edilir.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Bakı Dövlət Universitetinin kafedra müdiri, professor Kamilə Əliyeva söyləyib.
O bildirib ki, münasibətlərin qardaşlıq və strateji müttəfiqlik səviyyəsinə yüksəlməsində Prezident İlham Əliyev və Prezident Şavkat Mirziyoyev arasındakı səmimi dostluq və etimad xüsusi rol oynayır. İki dövlətin liderləri arasında olan bu münasibət dövlətlərimiz və xalqlarımız arasında əlaqələrin inkişafına da böyük təkan verir. 2024-cü ildə imzalanmış Müttəfiqlik Münasibətləri haqqında Müqavilə siyasi, iqtisadi və təhlükəsizlik əlaqələrini ən yüksək səviyyəyə çatdırıb.
"Azərbaycanla Özbəkistan arasında ticarət dövriyyəsinin yaxın vaxtlarda 1 milyard dollara çatdırılması barədə qərar olduqca önəmli bir addımdır. Prezident İlham Əliyev mətbuata bəyanatla çıxışında iki dövlət arasında enerji, nəqliyyat, bank sektoru, avtomobil sənayesi, turizm və bir sıra digər sahələrdə əməkdaşlığın daha da genişləndiriləcəyini vurğuladı. SOCAR-ın Özbəkistanda yeni layihələrdə iştirakının artırılmasını xüsusi qeyd etmək lazımdır. Enerji sahəsində əməkdaşlıq da olduqca əhəmiyyətli addımdır. Azərbaycanla Özbəkistan arasında neft-qaz kəşfiyyat layihələrinin son mərhələyə çatması olduqca strateji bir hadisədir və gələn il istismar quyularının qazılması haqqında qərar iki dövlət arasında enerji əməkdaşlığının mühüm göstəricisidir. Bu, həm də Azərbaycanın Mərkəzi Asiya dövlətləri ilə enerji əlaqələrinin dərinləşməsinə böyük töhfə verəcək", - deyə Kamilə Əliyeva vurğulayıb.
Professor əlavə edib ki, Xəzər dənizində birgə donanmanın istifadəyə verilməsinin sürətləndirilməsi, eləcə də Azərbaycan-Özbəkistan dəhlizinin yaradılması haqqında razılaşma olduqca mühüm əhəmiyyət daşıyır:”Özbəkistan işğaldan azad edilmiş torpaqlarımızda yenidənqurma işlərində də olduqca fəal iştirak edir. Füzulidə 960 yerlik məktəbin və Xankəndidə tikiş fabrikinin Özbəkistan dövləti tərəfindən tikilməsi dostluq və qardaşlığın bariz nümunəsidir. Azərbaycanla Özbəkistan arasında sıx siyasi-iqtisadi, eləcə də qardaşlıq əlaqələri iki dövlətlə yanaşı, Türk dünyasının inteqrasiyasına böyük təkan verir”.
Bakı-Daşkənd xətti: Yeni Avrasiya bağlantısının strateji dayağı – ŞƏRH
Prezident İlham Əliyevin Özbəkistana səfəri münasibətlərin dərinləşməsinə böyük töhfə verəcək - ŞƏRH
Azərbaycan və Özbəkistan Mərkəzi Asiya ilə Cənubi Qafqaz arasında strateji körpü yaradır ŞƏRH
Bakı-Daşkənd xətti regional əməkdaşlığın mühüm istiqamətinə çevrilir RƏY
Hakan Kılıç: Azərbaycan Prezidentinin Özbəkistana səfəri Türk dünyası baxımından mühüm hadisədir