×
A
A
A
Sazlamalar

Azərbaycan və Özbəkistan Mərkəzi Asiya ilə Cənubi Qafqaz arasında strateji körpü yaradır ŞƏRH

Bakı, 24 avqust, AZƏRTAC

Prezident İlham Əliyevin avqustun 23-də Özbəkistana dövlət səfəri iki qardaş ölkə arasında münasibətlərin yalnız siyasi və mənəvi yaxınlıqla məhdudlaşmadığını, artıq genişmiqyaslı iqtisadi, investisiya, nəqliyyat, enerji və regional əməkdaşlıq platformasına çevrildiyini bir daha təsdiqləyib.
Bu sözləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Mehriban Vəliyeva deyib. Deputat bildirib ki, Daşkənddə keçirilən görüşlər, Azərbaycan və Özbəkistan Ali Dövlətlərarası Şuranın 3-cü iclası, müxtəlif sənədlərin imzalanması, dövlət başçılarının qarşılıqlı təltif olunması və yeni layihələrin təməlinin qoyulması Bakı ilə Daşkənd arasında əlaqələrin sistemli və uzunmüddətli xarakter daşıdığını nümayiş etdirib.
“İki ölkə arasında iqtisadi münasibətlərdə mühüm göstəricilərdən biri qarşılıqlı ticarət dövriyyəsinin artırılması istiqamətində müəyyənləşdirilən hədəflərdir. Azərbaycan Prezidenti bir milyard dollarlıq ticarət dövriyyəsi perspektivindən danışarkən bu rəqəmi yaxın illərdə reallaşması mümkün olan konkret nəticə kimi təqdim edib.
Azərbaycan–Özbəkistan münasibətlərinin əhəmiyyəti yalnız ikitərəfli əməkdaşlıq çərçivəsində qiymətləndirilə bilməz. Prezident İlham Əliyevin bəyanatında Mərkəzi Asiya və Azərbaycanın vahid geosiyasi və geoiqtisadi region kimi xarakterizə edilməsi məhz bu məqamın strateji mahiyyətini ortaya qoyur. Bu gün Azərbaycan Cənubi Qafqaz ilə Mərkəzi Asiya arasında siyasi, iqtisadi və nəqliyyat əlaqələrinin gücləndirilməsində mühüm mövqeyə malikdir. Orta Dəhliz, Xəzər üzərindən daşımalar, nəqliyyat-kommunikasiya layihələri və yeni logistika imkanları Bakı ilə Mərkəzi Asiya ölkələrinin paytaxtları arasında əməkdaşlığın geoiqtisadi əhəmiyyətini daha da artırır”, - deyə Mehriban Vəliyeva bildirib.
Deputat qeyd edib ki, Azərbaycan və Özbəkistan arasında əməkdaşlığın mühüm xüsusiyyətlərindən biri onun çoxşaxəli olmasıdır. Enerji, nəqliyyat, investisiya, turizm, dağ-mədən sənayesi, avtomobil sənayesi, kənd təsərrüfatı və emal sektoru, bankçılıq, neft-qaz layihələri ikitərəfli münasibətlərin real iqtisadi məzmununu təşkil edir.
Azərbaycan və Özbəkistan münasibətlərinin ən mühüm və mənəvi baxımdan ən həssas istiqamətlərindən biri Qarabağın və Şərqi Zəngəzurun bərpası prosesində Özbəkistanın iştirakıdır. Füzulidə Mirzə Uluqbəy adına 960 şagird yerlik məktəbin inşası Özbəkistanın Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin bərpasına verdiyi mühüm töhfələrdəndir. Xankəndidə tikiş fabrikinə investisiya qoyuluşu və Qarabağda ilk böyük sənaye müəssisəsinin Özbəkistanla əlaqəli olması isə bu dəstəyin yalnız simvolik xarakter daşımadığını, real iqtisadi məzmun kəsb etdiyini göstərir.
Mehriban Vəliyeva vurğulayıb ki, Prezident İlham Əliyevin bəyanatında diqqət çəkən mühüm məqamlardan biri iki ölkənin irəliləmək üçün çox dəqiq fəaliyyət planına malik olmasıdır: “Bu ifadə Azərbaycan–Özbəkistan münasibətlərinin gələcəyinin yalnız siyasi bəyanatlarla deyil, konkret layihələrlə müəyyənləşdirildiyini göstərir. Enerji, nəqliyyat, investisiya, sənaye, kənd təsərrüfatı, turizm, bankçılıq və digər sahələr üzrə həyata keçirilən layihələr qarşıdakı illər üçün geniş əməkdaşlıq gündəliyi formalaşdırır.
Azərbaycan və Özbəkistan bir-birini tamamlayan imkanlara malikdir. Azərbaycan Cənubi Qafqazın mühüm siyasi, enerji və nəqliyyat mərkəzlərindən biri kimi Mərkəzi Asiyaya açılan qapı rolunu gücləndirir. Özbəkistan isə Mərkəzi Asiyanın ən böyük və mühüm dövlətlərindən biri kimi regionun iqtisadi və demoqrafik potensialında xüsusi çəkiyə malikdir. Bu iki imkanın bir araya gəlməsi Azərbaycan–Özbəkistan münasibətlərini ikitərəfli əməkdaşlıqdan daha geniş regional geosiyasi layihənin mühüm elementinə çevirir”.
Deputat qeyd edib ki, Bakı və Daşkənd arasında formalaşan münasibətlər yalnız iki dövlətin deyil, daha geniş regionun gələcək inkişafına təsir göstərmək potensialına malikdir: “Bu gün Azərbaycan və Özbəkistan bir-birinə sadəcə dost və qardaş ölkələr kimi deyil, həm də ortaq regional baxışları, tamamlayıcı iqtisadi imkanları və uzunmüddətli strateji maraqları olan tərəfdaşlar kimi çıxış edirlər”.

2026-08-24 20:01:00