


Norveçdə aviadispetçerlərin tətili hava nəqliyyatında genişmiqyaslı fasilələrə səbəb olacaq
Stokholm, 22 avqust, АZƏRTAC
Norveçdə aviadispetçerlərin keçirdiyi tətil hava limanlarının fəaliyyətində və ölkənin hava nəqliyyatında ciddi fasilələrə səbəb olacaq.
AZƏRTAC xəbər verir ki, artıq bazar günü Oslo Qardermoen hava limanı beş saat müddətinə uçuşlar üçün bağlanacaq. Yaxın günlərdə sərnişinləri çoxsaylı gecikmələr, reyslərin ləğvi və hava məkanının qismən bağlanması gözləyir.
Dövlətə məxsus “Avinor” şirkətinin məlumatına görə, şənbə günü axşam ölkənin qərb hissəsi üzərində hava məkanı müvəqqəti bağlanacaq. Gələn həftə isə məhdudiyyətlər “Tromsø” və “Bergen-Flesland” hava limanlarını da əhatə edəcək. SAS aviaşirkəti artıq 14 reysi ləğv edib, “Norwegian” isə sərnişinləri mümkün gecikmələr barədə xəbərdar edərək, cədvəldəki yenilənən məlumatları izləməyə çağırıb.
Aviadispetçerlərin həmkarlar ittifaqı avqustun 25-dən etibarən tətildə olan 12 əməkdaşa daha 8 nəfərin qoşulacağını və aksiyanın genişləndiriləcəyini bildirib.
Bununla belə, tərəflər münaqişənin səbəblərini fərqli qiymətləndirirlər. Həmkarlar ittifaqı vurğulayır ki, söhbət əməkhaqqından deyil, ağır iş şəraitindən gedir. Norveç Aviadispetçerlər Assosiasiyasının rəhbərliyi mövcud qaydaların bəzi hallarda dispetçerlərin təminatlı fasilə olmadan 16 saata qədər işləməsinə imkan verdiyini və əsas mübahisənin məhz bundan qaynaqlandığını qeyd edir.
“Avinor Flysikring” şirkəti isə bu iddiaları rədd edir. Qurum rəhbərliyi iş və istirahət müddətinin hava hərəkətinin intensivliyindən asılı olduğunu, dispetçerlərin isə müntəzəm fasilələrlə təmin olunduğunu bildirir.
“Avinor” sərnişinlərdən üzr istəyərək tətilin ölkə üzrə on minlərlə səyahətçiyə mənfi təsir göstərə biləcəyi barədə xəbərdarlıq edib.
Rusiya Müdafiə Nazirliyi: Bir gün ərzində Ukraynaya məxsus 250 dron məhv edilib
Soçi hava limanı son 24 saat ərzində ikinci dəfə uçuşları dayandırıb
İsveçdə məktəb hücumundan sonra istintaq yeni təfərrüatları üzə çıxarır
Norveçdə aviadispetçerlərin tətili hava nəqliyyatında genişmiqyaslı fasilələrə səbəb olacaq
Gürcüstan və Özbəkistan arasında yük daşımaları üçün rəqəmsal icazə sistemi işə salınıb