×
A
A
A
Sazlamalar

Azərbaycanın sərbəst güləşçisi dünya çempionatının finalında

Bakı, 22 avqust, AZƏRTAC
Slovakiyanın paytaxtı Bratislavada keçirilən güləş üzrə U-20 dünya çempionatı sona yaxınlaşır.
AZƏRTAC xəbər verir ki, yeddinci yarış günündə 70, 74, 97 və 125 kiloqramda yer alan sərbəst güləşçilər mübarizəyə qoşulub.
Hacı Kərimov (70 kiloqram) debütdə hindistanlı Sumit Baraskara 5:1, daha sonra isə Şimali Makedoniya təmsilçisi Muhamed Veseliyə 11:2 hesabı ilə qalib gəlib. 1/4 finalda ermənistanlı Davit Davtyanı tam üstünlüklə (12:0) xalçadan məyus yola salan Kərimov yarımfinalda misirli Mohamed Ahmeddən güclü olub – 9:2. Hacı sabah finalda iranlı Sina Mehdi Xəlili ilə qarşılaşacaq.
İsmayıl Rəhimli (74 kiloqram) təsnifat mərhələsində özbəkistanlı Fərruxbəy Jumanazarova 2:4 hesabı ilə məğlub olub.
Fərhad Süleymanlı (97 kiloqram) macarıstanlı Robert Erdelyini (11:0) vaxtından əvvəl mübarizədən kənarlaşdırsa da, 1/4 finalda belaruslu Azamat Tsarikayevə 8:19 hesabı ilə uduzub.
Yusif Dursunov (125 kiloqram) yaponiyalı Hosey Fucitaya tam üstünlüklə (11:1), hindistanlı Ronak Ronaka isə 3:2 hesabı ilə qalib gələrək yarımfinala yüksəlib. Finalın bir addımlığında amerikalı Dreshaun Rossa 1:4 hesabı ilə məğlub olan Yusif sabah bürünc medal uğrunda güləşəcək.

İdman 2026-08-22 20:24:00