×
A
A
A
Sazlamalar

TİKA-nın inkişaf elçiləri Marneulidə "Azərbaycan evi" və GAİM-i ziyarət ediblər

Tbilisi, 22 avqust, AZƏRTAC

Türkiyə Əməkdaşlıq və Koordinasiya Agentliyinin (TİKA) Gürcüstanda səfərdə olan inkişaf elçilərindən ibarət nümayəndə heyəti avqustun 22-də Marneulidə "Azərbaycan evi"ni və Gürcüstan Azərbaycanlılarının İnteqrasiya Mərkəzini (GAİM) ziyarət edib.
AZƏRTAC xəbər verir ki, qonaqlar əvvəlcə GAİM-in nəzdində fəaliyyət göstərən rəsm müəllimi Xəyalə Mustafayevanın Gürcüstan-Azərbaycan və Türkiyə dostluğuna həsr olunmuş əl işlərindən ibarət sərgi ilə tanış olublar.
Sonra Cəmilə Məmmədovanın bədii rəhbərliyi ilə GAİM-in nəzdində fəaliyyət göstərən “Sarvan” folklor ansamblının üzvləri Azərbaycan və Gürcüstan milli rəqslərini təqdim ediblər.
Daha sonra "Azərbaycan evi"nin və GAİM-in direktoru Məhəbbət İmanov rəhbərlik etdiyi qurumların fəaliyyəti, indiyədək həyata keçirilən layihələr və qarşıya qoyulan məqsədlər barədə ətraflı məlumat verib.
Azərbaycanlı gənclərin inkişafına, onların təhsil, mədəniyyət və yaradıcılıq imkanlarının genişləndirilməsinə, milli-mədəni dəyərlərin qorunub yaşadılmasına yönəlmiş təşəbbüslərin xüsusi əhəmiyyət daşıdığı vurğulayıb. O, eyni zamanda Gürcüstan, Azərbaycan və Türkiyə arasında dostluq və əməkdaşlıq münasibətlərinin daha da möhkəmləndirilməsi istiqamətində həyata keçirilən layihələrin mühüm rol oynadığını qeyd edib.
TİKA-nın Gürcüstan nümayəndəliyinin rəhbəri Salih Özer görüşün əhəmiyyətini vurğulayaraq "Azərbaycan evi" və GAİM-in fəaliyyəti barədə fikirlərini bölüşüb. Qonaqlar xüsusilə gənclərin inkişafına, onların fəal və yaradıcı mühitdə yetişməsinə, eləcə də milli-mədəni dəyərlərin yaşadılmasına xidmət edən layihələri yüksək qiymətləndiriblər.
Görüşün sonunda TİKA-nın Gürcüstan nümayəndəliyinin rəhbəri Salih Özerə Heydər Əliyev Fondu tərəfindən hazırlanmış, Ümummilli Lider Heydər Əliyevin həyat və fəaliyyətinə həsr olunan “Vətənə, xalqa həsr edilən ömür” adlı albom nəşri təqdim edilib.

Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi

Cəmiyyət 2026-08-22 19:24:00