×
A
A
A
Sazlamalar

Səfirlik və Baş konsulluq Kamçatkada azərbaycanlı turistlə bağlı vəziyyəti nəzarətdə saxlayır

Moskva, 22 avqust, AZƏRTAC

Azərbaycanın Rusiyadakı səfirliyi və respublikanın Yekaterinburqdakı Baş konsulluğu Kamçatkada turist qrupunun tərkibində çətin vəziyyətlə üzləşən Azərbaycan vətəndaşı Tatyana Dolivetslə bağlı vəziyyəti nəzarətdə saxlayır.
AZƏRTAC xəbər verir ki, müxtəlif ölkələrin vətəndaşlarından ibarət turist qrupu Tolbaçik vulkanına səyahət zamanı əlverişsiz hava şəraiti səbəbindən çətinliklərlə üzləşib. Azərbaycanın diplomatik nümayəndəlikləri yerli aidiyyəti qurumlarla, eləcə də Kamçatkada fəaliyyət göstərən Azərbaycan icmasının nümayəndələri ilə əlaqə yaradıb.
Tatyana Dolivetsin sosial şəbəkə hesabında yaydığı məlumata əsasən, qrupun hərəkət etdiyi yol güclü yağışlar və çayın məcrasından çıxması nəticəsində su altında qalıb. Yolun təxminən 30 kilometrlik hissəsinin yuyulması səbəbindən turistlərin geri qayıtması hazırda mümkün deyil.
Kamçatka diyarının aidiyyəti dövlət qurumları qrupla peyk rabitəsi vasitəsilə əlaqə saxlayır.
Son günlər bölgədə hökm sürən əlverişsiz hava şəraiti turistlərin təxliyəsi üçün hava nəqliyyatından, o cümlədən helikopterlərdən istifadə imkanlarını məhdudlaşdırıb. Qrupla daimi əlaqənin saxlanılması və hava şəraiti imkan verən kimi turistlərin təhlükəsiz əraziyə təxliyəsinin təmin olunması üçün zəruri tədbirlər görülür.
Azərbaycanın Rusiyadakı səfirliyi və Yekaterinburqdakı Baş konsulluğu Rusiya dövlət qurumları, eləcə də Kamçatkada fəaliyyət göstərən Azərbaycan icması ilə əlaqəli şəkildə vəziyyətin inkişafını diqqətlə izləyir.

Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva

Cəmiyyət 2026-08-22 18:38:00