


TRIPP Naxçıvanın iqtisadi xəritəsini necə dəyişəcək? – ŞƏRH
Bakı, 21 avqust, AZƏRTAC
Naxçıvanın geosiyasi və geoiqtisadi əhəmiyyətinin son illərdə sürətlə artması regionda formalaşan yeni reallıqlardan irəli gəlir. Uzun illər Azərbaycanın əsas hissəsi ilə quru əlaqəsinin olmaması Naxçıvanın iqtisadi və nəqliyyat imkanlarını məhdudlaşdırırdı. Bu vəziyyət, şübhəsiz ki, onun coğrafi mövqeyinin yaratdığı üstünlüklərdən tam istifadə etməyə imkan vermirdi. Bu gün isə Naxçıvanın yerləşdiyi coğrafiya yeni imkanların mənbəyi kimi nəzərdən keçirilir və Naxçıvan Şərq-Qərb və Şimal-Cənub istiqamətlərinin kəsişdiyi məkana çevrilmək perspektivi qazanır. Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında nəqliyyat bağlantısının bərpası da bu prosesin mühüm tərkib hissəsidir. Bu baxımdan, TRIPP-in əhəmiyyətini Azərbaycanla Naxçıvan arasında avtomobil və dəmir yolları əlaqəsinin bərpası ilə məhdudlaşdırmaq doğru olmaz. Layihənin əhəmiyyəti onun regional nəqliyyat sistemində yaradacağı yeni bağlantılarla müəyyən olunur.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Elçin Mirzəbəyli deyib.
Deputat bildirib ki, Orta Dəhlizin əsas üstünlüklərindən biri onun müxtəlif marşrutları vahid logistika sistemində birləşdirmək imkanındadır: “Xəzər üzərindən Azərbaycana daxil olan yük axınlarının müxtəlif istiqamətlərə yönəldilməsi həmin sistemin çevikliyini artırır. Naxçıvan istiqamətində bağlantının formalaşması isə bu şəbəkəyə yeni coğrafi xətt əlavə edir. Burada Azərbaycanın mövqeyi xüsusi əhəmiyyət daşıyır. Azərbaycan Şərqlə Qərb arasında nəqliyyat əlaqələrinin inkişafında öz coğrafi mövqeyindən istifadə edən dövlət olmaqla yanaşı, müxtəlif dəhlizlərin bir-biri ilə əlaqələndirilməsində də əsas iştirakçılardan birinə çevrilib. Naxçıvanın bu sistemə qoşulması Azərbaycanın nəqliyyat xəritəsində yeni imkanlar yaradır. Məsələnin başqa bir tərəfi də marşrutların etibarlılığı ilə bağlıdır. Müasir dünyada təchizat zəncirlərinin dayanıqlılığı mühüm məsələyə çevrilib. Yükün bir istiqamətdən digərinə yönəldilməsi, alternativ bağlantıların mövcudluğu və müxtəlif nəqliyyat vasitələrinin vahid sistemdə işləməsi iqtisadi təhlükəsizliyin mühüm elementlərindən sayılır. Naxçıvanın Azərbaycan ərazisinin əsas hissəsi ilə bağlantısının yaradılması bu baxımdan Orta Dəhlizin imkanlarını genişləndirən amillərdən biri kimi qiymətləndirilə bilər. Burada söhbət ayrıca bir marşrutdan daha çox, bir-birini tamamlayan nəqliyyat xətlərinin formalaşmasından gedir”,- deyə o qeyd edib.
Elçin Mirzəbəylinin fikrincə, Naxçıvan dəmir yolunun yükdaşıma imkanlarının əhəmiyyətli dərəcədə artırılması da məsələnin miqyasını göstərir: “Şübhəsiz ki, nəqliyyat bağlantısının bərpasının Naxçıvana təsiri, regionun tranzit imkanlarının yaranması ilə ölçülməyəcək. Əsas məsələ nəqliyyat axınlarının ətrafında hansı iqtisadi fəaliyyətin formalaşacağıdır. Naxçıvanın qarşısında yaranan imkanların mühüm tərəfi də ondan ibarətdir ki, yük burada, sadəcə, ərazidən keçib getməyəcək, nəqliyyatın yaratdığı iqtisadi dövriyyə digər sahələrə də təsir göstərəcək. Logistika, ticarət, sənaye, kənd təsərrüfatı, xidmət və turizm sahələrinin inkişafı bir-biri ilə əlaqəli proseslərdir. Nəqliyyat bağlantısının genişlənməsi məhsulun bazara çıxışını asanlaşdırır, istehsal üçün yeni imkanlar yaradır, sahibkarlıq fəaliyyətinin coğrafiyasını genişləndirir. Naxçıvanın enerji təhlükəsizliyi məsələsinin həlli ilə bağlı həyata keçirilən layihələr regionun iqtisadi potensialının genişlənməsi üçün mühüm baza yaradır. Bərpaolunan enerji mənbələrindən istifadə imkanlarının artması isə Naxçıvanın gələcəkdə enerji istehsalçısı və ixracatçısı kimi mövqeyini gücləndirə bilər. Beləliklə, nəqliyyat və enerji məsələləri bir-birindən ayrı proseslər deyil. Onlar Naxçıvanın iqtisadi potensialının açılması üçün vahid sistemin müxtəlif elementləridir. Tranzit coğrafiyası ilə iqtisadi qovşaq arasında ciddi fərq var. Birincidə yük hərəkət edir, ikincidə isə həmin hərəkət iqtisadi dəyər yaradır. Naxçıvanın qarşısında yaranan yeni reallıq və Prezident İlham Əliyevin bəzi istiqamətlərini açıqladığı strateji “yol xəritəsi” məhz ikinci istiqamətə keçidi şərtləndirir”,- deyə o bildirib.
Deputat qeyd edib ki, uzun müddət Naxçıvanın Azərbaycanın əsas ərazisindən coğrafi ayrılığı onun imkanlarını məhdudlaşdıran amil kimi qəbul olunurdu. Bu gün isə həmin coğrafi mövqe yeni nəqliyyat əlaqələri fonunda üstünlüyə çevrilir. “Azərbaycan–Naxçıvan bağlantısının bərpası, Türkiyə və İran istiqamətlərində nəqliyyat imkanlarının genişlənməsi Naxçıvanı daha böyük regional sistemin tərkib hissəsinə çevirir. TRIPP-in əhəmiyyəti də burada üzə çıxır. Bu layihə Azərbaycan ərazisinin əsas hissəsi ilə Naxçıvan arasında fiziki əlaqəni təmin etməklə yanaşı, daha geniş nəqliyyat şəbəkəsinin formalaşmasına xidmət edir. Naxçıvanın Şərq-Qərb və Şimal-Cənub istiqamətlərində yaranan imkanları onun geoiqtisadi çəkisini artırır. Nəqliyyatın yaratdığı imkanlar sənaye, enerji, ticarət və turizm sahələrində yeni iqtisadi dövriyyə formalaşdırır. Nəticədə Naxçıvanın rolu tranzit coğrafiyası çərçivəsindən kənara çıxaraq regional iqtisadi qovşaq səviyyəsinə yüksəlir. Naxçıvanın Azərbaycanla fiziki bağlantısının bərpası yalnız bir ərazinin ölkənin iqtisadi və nəqliyyat sisteminə daha sıx inteqrasiyası deyil, Azərbaycanın Şərq-Qərb və Şimal-Cənub istiqamətlərindəki mövqeyinin daha da güclənməsi deməkdir”,- deyə Elçin Mirzəbəyli diqqətə çatdırıb.
Müxbir - Səbinə Əlizadə
Azərbaycan-Özbəkistan müttəfiqliyi Avrasiyada yeni geosiyasi reallıqlar yaradır - ŞƏRH
Azərbaycan–Özbəkistan əlaqələri yeni regional düzənin formalaşmasına xidmət edir - ŞƏRH
TRIPP Naxçıvanın iqtisadi xəritəsini necə dəyişəcək? – ŞƏRH
Prezidentin UzA-ya müsahibəsi: Özbəkistanla əlaqələrə dair strateji mesajlar – TƏHLİL