×
A
A
A
Sazlamalar

Prezidentin UzA-ya müsahibəsi: Özbəkistanla əlaqələrə dair strateji mesajlar – TƏHLİL

Bakı, 21 avqust AZƏRTAC

Prezident İlham Əliyev Özbəkistanın Milli İnformasiya Agentliyinə (UzA) müsahibəsində ölkələrimiz arasında əlaqələrə dərindən nəzər salaraq gələcək üçün strateji vizyon ortaya qoydu. Dövlətimizin başçısı hərtərəfli əməkdaşlığın perspektiv əməkdaşlıq üçün formalaşdırdığı gözləntilərindən söz açdı. Ümumilikdə müsahibənin əsas xətti dövlətlərarası münasibətlərin möhkəm təməllər üzərində qurulması mesajını özündə ehtiva edir. Bu, onu göstərir ki, Azərbaycan ilə Özbəkistan arasındakı əlaqələr hüquq-müqavilə bazasının da fövqündə dayanır. Prezident İlham Əliyev müsahibə zamanı bir neçə vacib detalı və datanı açıqlamaqla, həmin məqamları rəqəmlərlə ifadə etdi.

Ticarətə dair statistika

Prezident İlham Əliyev müsahibədə bildirdi ki, Azərbaycanla Özbəkistan arasında iqtisadi-ticari əməkdaşlıq son illərdə sürətli inkişaf dinamikası nümayiş etdirir. Belə ki, Azərbaycanla Özbəkistan arasında ticarət dövriyyəsi 2025-ci ildə əvvəlki illə müqayisədə üç dəfədən çox artıb və 795 milyon dollar təşkil edib. Dövlətimizin başçısı bu rəqəmi əla göstərici kimi dəyərləndirdi.
Dövlətimizin başçısı əlavə etdi ki, iki ölkə arasında tranzit daşımalarında artım müşahidə olunur. “2025-ci ildə daşımaların həcmi 6,7 faiz artıb və 1,4 milyon tona çatıb. Bu ilin yanvar-iyun aylarında da 12,2 faizlik artım qeydə alınıb və həmin göstərici 675 min ton təşkil edib”, - deyən Prezident birgə layihələr və onun əhəmiyyətindən də söz açdı. “Özbəkistan tərəfi ilə həyata keçirilən bir sıra birgə layihələr ölkələrimiz arasında iqtisadi əməkdaşlığın daha da genişləndirilməsinə və yeni inkişaf imkanlarının yaradılmasına əhəmiyyətli töhfə verir. İşğaldan azad edilmiş Füzuli rayonunda “Dostluq bağı” adlandırılan 100 hektarlıq nar bağının salınmasını, həmçinin “Chevrolet” və “Isuzu” markalı avtomobillərin istehsalı sahəsində əməkdaşlığı bu istiqamətdə xüsusi qeyd etmək olar. Arayış üçün deyə bilərəm ki, 2026-cı il iyulun 13-nə olan məlumata görə, ümumilikdə “Chevrolet” markalı 10 min 720 avtomobil və “Isuzu” markalı 275 avtobus istehsal edilib”.

Azərbaycanda Özbəkistan investisiyalı 130-dan çox kommersiya təşkilatı qeydiyyatdan keçib.
Özbək şirkətlərinin Azərbaycanda fəaliyyəti ölkələrimiz arasında qarşılıqlı etimadın, əlverişli investisiya mühitinin və güclü iqtisadi tərəfdaşlığın göstəricisidir.
Prezident İlham Əliyev Azərbaycan ilə Özbəkistanın iqtisadi imkanları bir-birini tamamladığını və yeni əməkdaşlıq formatlarının yaradılması üçün geniş üfüqlər açdığını da diqqət çatdırdı: “Biz Azərbaycan şirkətlərinin Özbəkistanda və özbək şirkətlərinin Azərbaycanda daha fəal iştirakını, həmçinin birgə istehsal və investisiya layihələrinin sayının artmasını dəstəkləyirik.
Azərbaycan da Özbəkistanda investisiya layihələri həyata keçirir. Bu layihələr arasında “PASHA Holding” tərəfindən “The Ritz-Carlton” brendi altında Daşkənddə inşa edilən hotel və yaşayış kompleksini, həmçinin Daşkənd vilayətində “Sea Breeze Uzbekistan” böyük turizm və yaşayış kompleksini qeyd etmək olar”.

Mədəniyyət, təhsil və humanitar əməkdaşlıq

Dövlətimizin başçısı iki ölkə arasında mədəni, humanitar və təhsil sahəsindəki qardaşlıq əlaqələrinin strateji əhəmiyyətini vurğuladı. Özbəkistan Milli Pedaqoji Universitetinin Nizami Gəncəvi adını daşımasının və Füzulidə Mirzə Uluqbəy adına məktəbin inşasının, habelə işğaldan azad edilmiş ərazilərin bərpasına dəstəyin qarşılıqlı münasibətlərin ən parlaq nümunələri kimi qeyd edildi.

Bu cür əməkdaşlıq ortaq dəyərləri qoruyan və gələcəyə yönəlmiş strateji humanitar körpü kimi dəyərləndirildi.

15 qarşılıqlı səfər, münasibətlərin misli görünməmiş inkişafı

Prezident İlham Əliyev qeyd etdi ki, Azərbaycan-Özbəkistan dövlətlərarası münasibətləri son illər misli görünməmiş inkişaf mərhələsinə qədəm qoyub, ən yüksək pilləyə - müttəfiqlik səviyyəsinə yüksəlib və tamamilə yeni məzmun qazanıb.

Prezident İlham Əliyev Azərbaycanla Özbəkistan arasında siyasi dialoqun çox yüksək səviyyədə olduğunu bildirərək son illər həyata keçirilmiş və gözlənilən səfərlər barədə danışdı: “Sözsüz ki, son beş ildə ən yüksək səviyyədə müntəzəm 15 qarşılıqlı səfər və sıx təmaslarımız bu əlaqələrin dinamik inkişafı və möhkəmlənməsi üçün əlverişli şərait yaradır.
Bu, son beş ildə mənim üçüncü dövlət və ümumilikdə qardaş ölkəyə yeddinci səfərimdir. Gözəl və bənzərsiz Özbəkistana səfər etməkdən daim böyük məmnunluq duyuram və hər səfər mənim üçün xüsusi əhəmiyyətə malikdir. Ənənəvi olaraq bu səfərlər müstəsna qonaqpərvərlik, qardaşlıq, səmimiyyət və qarşılıqlı anlaşma mühitində baş tutur. Qardaş Özbəkistana səfərlərimdə məni ən çox sevindirən son illərdə ölkənin bütün sahələrdə sürətli inkişafıdır”.
Dövlətimizin başçısının Özbəkistana növbəti səfəri iki ölkə arasında institusional əməkdaşlığın daha da genişləndirilməsində mühüm addım olacaq. Prezident İlham Əliyev deyib ki, səfər birgə təşəbbüslərin həyata keçirilməsi və müttəfiqlik münasibətlərinin möhkəmləndirilməsi nöqteyi-nəzərindən böyük əhəmiyyətə malik olacaq.
Əlaqələrin bu inkişafı müttəfiqlik üçün səviyyəni formalaşdırıb. Müttəfiqlik səviyyəsindəki əlaqələr isə yeni imkanlar açır. Prezident İlham Əliyev bununla bağlı dedi: “2024-cü ilin avqustunda mənim Özbəkistana dövlət səfərim, 2025-ci ilin iyulunda isə Özbəkistan Prezidentinin Azərbaycana dövlət səfəri oldu. Bu ikitərəfli səfərlər zamanı imzalanan çoxsaylı sənədlər, xüsusən “Strateji tərəfdaşlığın dərinləşdirilməsi haqqında Bəyannamə” və "Müttəfiqlik münasibətləri haqqında Müqavilə” iki müstəqil, güclü və suveren dövlətimiz arasında təbii müttəfiqliyi rəsmi olaraq möhkəmləndirdi. Bu sənədlər ölkələrimiz arasında əlaqələrin hüquqi və siyasi əsaslarını daha da gücləndirdi və əməkdaşlığımızın gələcək inkişafı üçün yeni imkanlar açdı”.

TRIPP-ə inteqrasiyanın gələcəyi

Əməkdaşlıq, o cümlədən müttəfiqlik əlaqələri iki dövləti nəqliyyat və logistika sahəsində bir-birinə daha da yaxınlaşdıraraq böyük perspektiv deməkdir. Bu xüsusda Prezident İlham Əliyevin Azərbaycanın Cənubi Qafqazda, Özbəkistanın isə Mərkəzi Asiyada mövqeyini nəqliyyat və logistika şəbəkəsi üzərindən izah etməsi diqqət çəkir. Dövlətimizin başçısı bildirdi ki, Azərbaycanın və Özbəkistanın mövqeyi ölkələrimizi Şərqlə Qərbi birləşdirən mühüm strateji marşrutlarda təbii tərəfdaşlara çevirir. Bu, gələcək üçün mühüm gözlənti formalaşdırır. Söhbət Çin-Qırğızıstan-Özbəkistan dəmir yolu layihəsinin Orta Dəhliz və TRIPP layihəsinə inteqrasiya olunmasından gedir. Prezident İlham Əliyev bunu bütövlükdə regionun iqtisadi və tranzit potensialının artırılmasında mühüm rol kimi qiymətləndirdi. Bu fonda Azərbaycanın Mərkəzi Asiyada əməkdaşlıq formatının dərinləşdirilməsində iştirakı strateji istiqamətlər üzrə bir sıra imkanlar açır. Üstəlik, Azərbaycanla Özbəkistanın Türk Dövlətləri Təşkilatı (TDT) çərçivəsindəki əməkdaşlığı da burada mühüm rol oynayır.

TDT-yə strateji baxış

Müasir beynəlxalq nizam transformasiyaya məruz qalır və bu, yeni geosiyasi şərtlərin formalaşması ilə müşayiət olunur. Azərbaycanla Özbəkistanın bunun fonunda bir-birini qlobal və regional müstəvilərdə dəstəkləməsi diqqətəlayiqdir. Bu, iki qardaş dövlət arasındakı müttəfiqlik əlaqələrinin institusional səviyyədə tam formalaşdığını və milli maraqların effektiv şəkildə uzlaşdırıldığını göstərir.

Bu kontekstdə dövlətimizin başçısı vurğuladı: “Ölkələrimizin həm ikitərəfli, həm də çoxtərəfli formatlarda mühüm məsələlərin həlli üzrə birgə səyləri yüksək qiymətə layiqdir. İki qardaş ölkənin - Azərbaycanın və Özbəkistanın bütün məsələlərdə bir-birini daim dəstəkləməsi faktı qürur hissi doğurur”.
Prezident İlham Əliyev Azərbaycanla Özbəkistanın TDT-ni təkcə dövlətlərarası əməkdaşlıq platforması kimi deyil, həm də ortaq tariximizi, mədəniyyətimizi və mənəvi dəyərlərimizi gələcəyə daşıyan mühüm birlik kimi dəyərləndirdiyini vurğuladı. Bu o deməkdir ki, Bakı ilə Daşkənd TDT-yə:

- Ortaq tarixi-mədəni mirasa əsaslanan platforma kimi baxaraq yeni regional münasibətlər sisteminin formalaşmasında maraqlı tərəflər kimi çıxış edir,

- Regional inteqrasiyanın, yeni əlaqələrin uzunmüddətli perspektivdə strateji gələcəyi formalaşdıran platforma kimi yanaşır.

Bütün bunlar iki ölkənin TDT daxilindəki çoxtərəfli inteqrasiya proseslərini sürətləndirən əsas hərəkətverici qüvvə rolunu oynayır.

Azərbaycanın bu əhəmiyyətli prosesdə rolunu gücləndirən başqa bir hadisə 2025-ci ilin noyabr ayında baş verdi. Belə ki, Daşkənddə Özbəkistanın sədrliyi ilə keçirilən Mərkəzi Asiya Dövlət Başçılarının 7-ci Məşvərət Görüşündə Azərbaycanın bu formatda tamhüquqlu iştirakı rəsmiləşdi.
Prezident İlham Əliyev bununla bağlı deyib: “Ölkəmizin bu platformaya fəal inteqrasiyası ilə əvvəlki “C5” əməkdaşlıq formatı faktiki olaraq “C6” müstəvisinə keçdi, bu isə regional dialoq və strateji tərəfdaşlığa tamamilə yeni bir miqyas və məzmun qazandırdı”.
Beləliklə, qeyd etmək olar ki, Azərbaycanın Mərkəzi Asiyada artan təsir imkanları yeni dünya nizamında strateji məna daşıyır.

Müəllif - Aqşin Kərimov

Siyasət 2026-08-21 17:31:00