


Bakıda Belçikanın müstəmləkəçilik irsinə dair beynəlxalq konfrans keçirilib - YENİLƏNİB VİDEO
Bakı, 21 avqust, AZƏRTAC
Bakıda “Belçika müstəmləkəçiliyinin ədalətsizlikləri və təzminat mübarizəsinin 101 ili” mövzusunda beynəlxalq konfrans keçirilib.
AZƏRTAC xəbər verir ki, Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə keçirilən tədbirdə Konqo Demokratik Respublikası (KDR), Ruanda və Burundi, eləcə də Mərakeş və Cənubi Afrika Respublikasından nümayəndələr, BMT-nin İnsan Hüquqları Şurasının ekspertləri, diplomatlar, parlament üzvləri, hüquq müdafiəçiləri, tarixçilər və beynəlxalq hüquq üzrə mütəxəssislər iştirak ediblər.
Konfransda Belçikanın müstəmləkəçilik siyasətinin Mərkəzi Afrika xalqlarına vurduğu tarixi, siyasi, iqtisadi və sosial zərər, müstəmləkəçilik irsinin bu gün də davam edən təsirləri, tarixi ədalətin bərpası, reparasiya və mədəni irsin restitusiya məsələləri müzakirə olunub.
Tədbirdə çıxış edən Bakı Təşəbbüs Qrupunun icraçı direktoru Abbas Abbasov bildirib ki, müstəmləkəçilik dövründə törədilmiş cinayətlərin nəticələrinin aradan qaldırılması yalnız maliyyə kompensasiyası ilə məhdudlaşmamalıdır. İlk növbədə, tarixi məsuliyyət dövlət səviyyəsində tanınmalı, zərər çəkmiş xalqlardan rəsmi üzr istənilməli, təzminat mexanizmləri müəyyənləşdirilməli və gələcəkdə oxşar halların təkrarlanmaması üçün hüquqi təminatlar yaradılmalıdır.
A.Abbasov qeyd edib ki, KDR, Ruanda və Burundi uzun illərdir Belçikanın müstəmləkəçilik siyasətinin nəticələrinin aradan qaldırılması ilə bağlı konkret addımlar gözləyirlər. O vurğulayıb ki, reparasiya məsələsi beynəlxalq hüquqi müstəvidə müzakirə olunmalı və bu proses mərhələli, şəffaf və konkret mexanizmlər əsasında həyata keçirilməlidir.
KDR-in Milli İnsan Hüquqları Komissiyasının Prezidenti, ombudsman Paul Nsapu Mukulu bildirib ki, Belçikanın Afrikadakı müstəmləkəçilik tarixinin obyektiv şəkildə araşdırılması tarixi ədalətin bərpası üçün əsas şərtlərdən biridir. Onun sözlərinə görə, xüsusilə KDR, Ruanda və Burundi xalqlarının yaşadığı tarixi hadisələr uzun müddət birtərəfli təqdim edilib. P.N.Mukulu vurğulayıb ki, həmin dövrdə törədilmiş cinayətlər və insan hüquqları pozuntuları barədə həqiqətin üzə çıxarılması qurbanların ədalətə çıxışını təmin etməklə yanaşı, gələcəkdə oxşar halların qarşısının alınmasına da xidmət edə bilər.
KDR-in Milli Assambleyasının deputatı, “İlk öncə xalq” partiyasının üzvü Fransis Tşibalabala Mukunayi çıxışında qeyd edib ki, 101 il sonra müstəmləkəçilik irsinə qayıtmaq keçmişi yenidən yazmaq deyil, tarixi həqiqəti qəbul etmək məqsədi daşıyır. O bildirib ki, müstəmləkəçilik resursların istismarı, məcburi əmək, ayrı-seçkilik, təzyiq, mədəni irsin mənimsənilməsi və müxtəlif sosial problemlərlə müşayiət olunub. Bununla yanaşı, KDR xalqının bütün bu çətinliklərə baxmayaraq, 1960-cı il iyunun 30-da müstəqilliyini əldə etməsi onun həm də müqavimət və ləyaqət tarixidir. F.T.Mukunayın sözlərinə görə, kompensasiya tələbi intiqam kimi deyil, ədalətin, tarixi məsuliyyətin tanınmasının və barışığın təmin edilməsinə xidmət edən mexanizm kimi qiymətləndirilməlidir.
İqamətgahı Ankarada olmaqla Ruanda Respublikasının Türkiyə, Azərbaycan, Qazaxıstan və Livandakı səfiri Çarlz Kayonqa isə çıxışında müstəmləkəçiliyin yalnız ərazilərin işğalı ilə məhdudlaşmadığını, eyni zamanda həmin cəmiyyətlərin siyasi institutlarını, sosial münasibətlərini, iqtisadi strukturlarını və identiklik anlayışlarını formalaşdıran uzunmüddətli sistem yaratdığını diqqətə çatdırıb. O qeyd edib ki, müstəmləkəçilik formal olaraq başa çatdıqdan onilliklər sonra belə onun yaratdığı struktur və münasibətlərin təsirləri bir sıra keçmiş müstəmləkələrdə qalmaqda davam edir. Buna görə də məsuliyyət və reparasiya məsələlərinin müzakirəsi zamanı həmin tarixi strukturların dərindən araşdırılması vacibdir.
Konqo Demokratik Respublikasının UNESCO üzrə Milli Komissiyasında gənclər proqramı üzrə assistent Ester Kile Va Nqoy bildirib ki, Belçikanın müstəmləkəçilik siyasəti KDR-də həddindən artıq istismar, iqtisadi asılılıq və sosial parçalanma kimi ciddi nəticələr yaradıb. “Müstəmləkəçilik dövründə KDR-in təbii və mineral sərvətlərindən geniş istifadə olunub, yerli institutlar zəiflədilib, irqi ayrı-seçkilik və sosial bərabərsizlik dərinləşib”, - deyə əlavə edib. O, Afrika xalqlarının mədəni və bədii irsinin Avropaya aparılmasını vurğulayaraq, bu irsin mənşə ölkələrinə qaytarılması istiqamətində daha geniş və şəffaf prosesin aparılmasının vacibliyini bildirib.
Konfrans iştirakçıları müstəmləkəçilik dövründə mədəni irsin mənimsənilməsi və onun mənşə ölkələrinə qaytarılması məsələsinə də xüsusi diqqət yetiriblər.
Qeyd edilib ki, Belçikanın Kral Mərkəzi Afrika Muzeyinin kolleksiyalarında Mərkəzi Afrikadan olan on minlərlə artefakt saxlanılır. Belçikanın rəsmi məlumatlarına görə, muzeydə Mərkəzi Afrikadan təxminən 85 min obyekt, ümumilikdə isə 128,5 min etnoqrafik obyekt və musiqi aləti mövcuddur.
Tədbirdə BMT Baş Assambleyasının 60/147 saylı Qətnaməsi ilə müəyyən edilmiş reparasiya prinsiplərinə də diqqət çəkilib. Qətnamədə reparasiyanın restitusiya, kompensasiya, reabilitasiya, satisfaksiya və pozuntuların təkrarlanmaması təminatlarını əhatə etdiyi göstərilir. Satisfaksiya çərçivəsində faktların müəyyənləşdirilməsi və həqiqətin ictimai şəkildə açıqlanması, uyğun hallarda rəsmi üzr və digər tanınma tədbirləri nəzərdə tutulur.
Konfransda səsləndirilən fikirlərdə xüsusi olaraq vurğulanıb ki, reparasiya yalnız maliyyə ödənişi kimi qəbul edilməməlidir. Tarixi həqiqətin tanınması, qurbanların ləyaqətinin bərpası, mədəni irsin qaytarılması, arxivlərə çıxış, reabilitasiya, institusional islahatlar və gələcəkdə oxşar pozuntuların təkrarlanmamasına dair təminatlar reparasiyanın daha geniş məzmununu təşkil edir.
Tədbirin yekununda müstəmləkəçilikdən zərər çəkmiş xalqların tarixi həqiqətlərinin beynəlxalq səviyyədə daha geniş tanıdılması, reparasiya məsələsinin beynəlxalq təşkilatların gündəliyində daha sistemli şəkildə müzakirə olunması, hüquqi mexanizmlərin gücləndirilməsi və tarixi ədalətin bərpasına yönəlmiş əməkdaşlığın genişləndirilməsinin vacibliyi vurğulanıb.
İştirakçılar bildiriblər ki, tarixi ədalətin bərpası yalnız keçmişin qiymətləndirilməsi deyil, həm də gələcək nəsillər üçün daha ədalətli beynəlxalq münasibətlər sisteminin formalaşdırılması məsələsidir.
Prezidentin UzA-ya müsahibəsi: Özbəkistanla əlaqələrə dair strateji mesajlar – TƏHLİL
Avropa Xəbər Agentlikləri Alyansı 70 illiyini qeyd edir
Bakıda Belçikanın müstəmləkəçilik irsinə dair beynəlxalq konfrans keçirilib - YENİLƏNİB VİDEO