


Xan qızının böyük arzusu: Şuşaya su necə çəkildi?
AZƏRTAC Xurşidbanu Natəvana həsr olunan yazılar silsiləsini davam etdirir
Bakı, 21 avqust, AZƏRTAC
Xurşidbanu Natəvan təkcə şeirin, sənətin və maarifin inkişafı barədə deyil, həm də vətəni Qarabağın abadlaşdırılması və Şuşanın daha da gözəlləşməsi haqqında düşünürdü. Natəvanın birinci növbədə gördüyü iş, sudan korluq çəkən Şuşa əhalisinin əsas arzusunu həyata keçirmək idi.
Bəylər Məmmədovun müəllifi olduğu, Mustafa Çəmənlinin isə “Ön söz” yazdığı “Xurşidbanu Natəvan” kitabında “Xan qızı bulağı” ilə bağlı maraqlı məlumatlar yer alır. AZƏRTAC həmin məlumatları oxuculara təqdim edir.
Texnikanın geridə qaldığı bir şəraitdə qranit qayaları yarıb, dağların döşü ilə şəhərə su gətirmək, çox ağır zəhmət tələb edən və çətin başa gələn məsələ idi. Xan qızı şəhərdən yeddi kilometr aralı olan Sarı Baba tərəfindəki su mənbəyindən istifadə etməyi qərara almışdı.
Su yolunun çəkilişinə 1872-ci ilin baharında başlanılmışdı. Şuşanın, Cənubi Azərbaycanın əsas mühəndis, fəhlə və ustaları səfərbərliyə alındı. Natəvan at üstündə suyun çəkildiyi yerləri gəzib, yol çəkən fəhlələri ruhlandırır, onları qonaq edirdi. 1873-cü ilin payızına dönəndə hamıya xəyal kimi görünən suyun çəkilişi müvəffəqiyyətlə başa çatdırılır. Şəhərə su kəmərinin çəkilməsi bir il altı ay davam etdi və yüz min manata başa gəldi. Suyun mənbəyindən Şuşaya qədər saxsı borular düzüldü. Hər tərəfdən Xan qızının adına təbriklər gəlirdi. Bulağın açılışı böyük el bayramına çevrildi. Şəhərin mötəbər adamları Xurşidbanuya sonsuz minnətdarlıq və təşəkkürlərini bildirmək üçün bulaq başına yığıldılar.
Su məsələsi həll olunandan sonra Natəvan iri su anbarı, çeşmə tikdirdi, hovuz, hamam və buzxana düzəltdirdi. Şəhər əhalisinin istirahət və gəzintisi üçün yaşadığı binanın qərb tərəfində bağ saldırdı. Bağda iri küknar, qovaq, çinar və müxtəlif meyvə ağacları əkdirdi. Ağaclar xırda arxlarla suvarılırdı. Bu bağ öz yaşıllığı ilə şəhərə xüsusi gözəllik verirdi. Şair Mir Möhsün Nəvvab həmin bağı dünyanın əsas səfalı bir guşəsi adlandırır və onun fərəh doğuran gözəlliyini farsca yazdığı bir şeirində belə tərifləyirdi: "Hər tərəfdən gülabtək sular axır, məstlikdən nərgizin gözləri yuxuya dalır. Hər tərəfə əsən ətirli dolu nəsim alma şaxələrini meynə ilə qucaqlaşdırır. Qönçələr öz ciblərini şaxələrdə həzin oxuyan bülbüllərə açır. Şəffaf sularla dolu olan hovuzlara baxanlar qəm və hüznlərini dağıdırlar. Gül, bülbül, çəmən və axan sular—hamısı həvəslə Allaha zikr edir".
Bağın açılmış mövsümündə hamı ora dəvət olunar və gəzməyə çay, kakao, qəhvə ilə qonaq edilərdilər.
Xan qızı yaşadığı evin cənubunda öz zövqü ilə ikimərtəbəli möhtəşəm bina da tikdirmiş, qarşısında gözəl bağça saldırmış və həyətdə bəzək ağacları, əlvan güllər əkdirmişdi.
Natəvan yaşadığı evlərin zinət və səliqəsinə şəxsən özü diqqət yetirərdi. Onun göstərişi ilə otaqlar yeni qaydada, müasir üslubda bəzədilirdi. Hər cümə günləri Xurşidbanu öz otağında yoxsul və kimsəsiz adamları qəbul edir, onlara ehtiyacı olanlar üçün ayrılmış vəsaitdən yardım göstərirdi. Natəvan hasil etdiyi nemətlərdən tək özü deyil, həm də şəhər əhalisi istifadə edə bilirdi. Onun şəxsi həkimləri də xəstələrə təmənnasız tibbi yardım göstərirdilər. Novruz bayramında Natəvanın həyətində şərbət hazırlanır və camaata paylanırdı. Yayda xəstələrə buz lazım olduqda, Xan qızının buzxanasından aparırdı. Nazik buz təbəqələri arasında nar, üzüm, albalı, zoğal dənələrinin hərəsindən bir lay düzülüb saxlanırdı.
Təzkirəçi Məhəmmədağa Müctəhidzadə xalq üçün yorulmadan çalışan, onun rifahı uğrunda varını əsirgəməyən, genişqəlbli şairin qüdrət və əzəmətini səciyyələndirərkən belə bir bədii, mübaliğəli təsvir işlədib: “Xurşidbanunun şöhrətinin sədası Zöhrə və Müştərinin qulağını kar etmiş, səxası kərəm əhlini paxıllıqdan əzab quyusuna salmışdı”.
Ekspert: Yeni Dövlət Proqramı turizm sektorunun inkişafına əlavə stimul verəcək
Sazın və sözün birliyi: Ərzurumda Türk dünyasının aşıq sənəti təbliğ olunub
Səidə Sübhi: Natəvanın poeziyası fərdi yaşantıların zamansızlığını göstərir
Xan qızının böyük arzusu: Şuşaya su necə çəkildi?
Meksikalı rejissorun filmi X “DokuBaku” festivalının proqramına daxil edilib