×
A
A
A
Sazlamalar

Dünya enerji bazarında növbəti qiymət artımı dalğası başlayıb

Bakı, 20 avqust, AZƏRTAC

ABŞ Prezidenti Donald Trampın bu gün İrana qarşı “dağıdıcı iqtisadi əməliyyatların” həyata keçiriləcəyini bəyan etməsindən sonra dünya bazarında neft qiymətləri kəskin şəkildə artıb.
AZƏRTAC xəbər verir ki, Londonun ICE birjasında “Brent” markalı neftin bir barelinin qiyməti 2,34 dollar artaraq hazırda 94,37 dollar, Nyu-Yorkun NYMEX birjasında “Light” neftinin bir barelinin qiyməti isə 2,81 dollar artaraq 87,2 dollar təşkil edib.
ABŞ-nin Hörmüz boğazında dəhliz yaratması nəticəsində boğazdan gün ərzində təxminən 10 tanker keçərək dünya bazarına 10 milyon barel neft daxil olurdu. Bu da qiymətlərin 100 dollar həddini keçməsinə imkan vermirdi. İran bunun qarşısını almağa çalışsa da, ABŞ-nin sahilyanı hərbi infrastruktura vurduğu zərbələr Hörmüz boğazının Yəmənə aid hissəsindən keçən gəmilərə maneə ola bilmirdi.
“Light” neftinin qiymətinin bahalaşması ABŞ-də istehlak mallarının yeni qiymət artımı dalğasının və inflyasiyanın baş verəcəyini deməyə əsas verir.
“Axios” yazır ki, ABŞ Prezidenti İrana qarşı “iqtisadi müharibə” elan etsə də, hansı addımların atılacağı barədə heç bir məlumat verməyib. Bu isə treyderlərin narahatlığına səbəb olub və nəticədə neftin qiyməti artıb. ABŞ-nin Hərbi Dəniz Qüvvələri İran limanlarından bir barel belə neft çıxarılmasına imkan vermir.
Analitiklərin fikrincə, ABŞ Prezidentinin “dağıdıcı” sözünü işlətməsi hərbi əməliyyatlara işarədir. Bu da İranın cavab verməsinə və Yaxın Şərqdə hərbi əməliyyatların yenidən başlamasına gətirib çıxara bilər.
İranın yenidən Körfəz ölkələrinin neft infrastrukturunu raket zərbələrinə tutacağı təqdirdə bu, öz növbəsində, nəinki neftin nəqlinin, eləcə də hasilatının kəskin şəkildə azalmasına səbəb ola bilər. Bu prosesin davamı olaraq dünya bazarında neftin qiyməti mərhələli şəkildə 100 dollar həddini də keçə bilər.
Artıq dünya enerji bazarında növbəti qiymət artımı dalğasının başladığını görürük. Neftin qiymətinin 100 dollar həddini keçməsi isə enerjidaşıyıcıları ilə yanaşı, digər istehlak mallarının, təbii qazın və maye qazın da qiymətinin artmasına səbəb ola bilər.

İqtisadiyyat 2026-08-20 16:14:00