


Coğrafiyaçı-alim: Xəzərin geri çəkilməsi sahilyanı ekosistemlərin dəyişməsinə səbəb ola bilər VİDEO
Bakı, 20 avqust, AZƏRTAC
Xəzər dənizinin səviyyəsinin aşağı düşməsi təkcə su hövzəsinin sahəsinin azalması ilə məhdudlaşmır. Proses sahilyanı ərazilərin landşaftına, ekosistemlərinə və biomüxtəlifliyinə ciddi təsir göstərməklə yanaşı, regionun ümumi ekoloji vəziyyəti üçün də yeni risklər yaradır.
Bu fikirləri AZƏRTAC-a müsahibəsində Elm və Təhsil Nazirliyi Coğrafiya İnstitutunun direktoru vəzifəsini icra edən, coğrafiya elmləri doktoru, dosent Zaur İmrani söyləyib.
Coğrafiyaçı-alim bildirib ki, Xəzər dənizinin səviyyəsinin aşağı düşməsi son illərdə yalnız dənizin su səthinin və sahəsinin azalması baxımından deyil, həm də sahilyanı ərazilərdə yarana biləcək ekoloji dəyişikliklər kontekstində diqqət çəkir. Səviyyənin tədricən enməsi Xəzəryanı ərazilərin landşaftına, təbii ekosistemlərinə, biomüxtəlifliyinə və ümumi ekoloji vəziyyətinə təsir göstərə biləcək mühüm amil kimi qiymətləndirilir. Xəzərin qapalı hövzə olması onu iqlim və hidrometeoroloji dəyişikliklərə qarşı daha həssas edir. Dəniz səviyyəsində baş verən dəyişikliklər ilk növbədə sahilyanı zonalarda özünü göstərə, burada təbii landşaftların strukturuna və ekosistemlərarası əlaqələrə təsir edə bilər. Bu səbəbdən Xəzərin geri çəkilməsi nəticəsində sahil xəttində və ona bitişik ərazilərdə baş verən transformasiyaların mütəmadi şəkildə izlənilməsi xüsusi əhəmiyyət daşıyır.
Müsahibimiz qeyd edib ki, Xəzər dənizinin səviyyəsinin azalması sahil ərazilərində yeni quru sahələrinin formalaşmasına səbəb olmaqla yanaşı, həmin ərazilərin təbii xüsusiyyətlərinin dəyişməsinə də gətirib çıxara bilər. Sahilyanı bataqlıqlar, su-bataqlıq əraziləri, çay deltaları və digər həssas ekosistemlər su rejiminin dəyişməsinin daha çox təsir etdiyi ərazilər sırasındadır. Bu dəyişikliklər bəzi canlı növlərin yaşayış və qidalanma mühitinə, miqrasiya marşrutlarına və ümumilikdə biomüxtəlifliyin vəziyyətinə təsir göstərə bilər. Azərbaycanın Xəzərsahili ərazilərində xüsusi mühafizə olunan təbiət əraziləri bu baxımdan böyük əhəmiyyət daşıyır. Samur-Yalama Milli Parkı, Qızılağac Milli Parkı, Hirkan Milli Parkı və Abşeron Milli Parkı Xəzər hövzəsi ilə əlaqəli müxtəlif təbii ekosistemlərin və bioloji müxtəlifliyin qorunmasında mühüm rol oynayır. Bu ərazilərin ekoloji vəziyyətində baş verə biləcək dəyişikliklərin vaxtında müəyyənləşdirilməsi həm təbiətin mühafizəsi, həm də gələcək ekoloji risklərin qarşısının alınması baxımından vacibdir.
Mütəxəssisin fikrincə, xüsusi mühafizə olunan təbiət ərazilərində əsas məqsədlərdən biri ekosistemlərin dayanıqlığının qorunması, biomüxtəlifliyin mühafizəsi və antropogen təsirlərin minimum səviyyədə saxlanılmasıdır. Milli parkların ərazilərində müəyyən təsərrüfat və digər fəaliyyət növlərinə qanunvericilik çərçivəsində imkan verilsə də, bu fəaliyyətlər təbiətin mühafizəsi və ekoloji dayanıqlıq prinsiplərinə uyğun şəkildə həyata keçirilməlidir. Xüsusilə Xəzərin səviyyəsinin dəyişməsi fonunda sahilyanı ərazilərdə əlavə antropogen təzyiqlərin yaranmasına yol verilməməsi mühüm məsələdir. Xəzərin səviyyəsindəki dəyişikliklərin davamlı monitorinqi sahilyanı ərazilərdə landşaft və ekosistem transformasiyalarının daha erkən mərhələdə müəyyən edilməsinə imkan verə bilər. Peyk təsvirləri, coğrafi informasiya sistemləri, hidroloji müşahidələr və sahə tədqiqatlarının kompleks şəkildə aparılması sahil xəttində baş verən dəyişikliklərin daha dəqiq qiymətləndirilməsinə şərait yarada bilər. Bu məlumatlar əsasında risklərin qiymətləndirilməsi və xüsusi mühafizə olunan ərazilər üzrə müvafiq tədbirlərin planlaşdırılması mümkün olar. Digər tərəfdən, Xəzərin səviyyəsinin aşağı düşməsi sahilyanı ərazilərdə sosial-iqtisadi fəaliyyətə də təsir göstərə biləcək prosesdir. Sahil xəttinin dəyişməsi limanlar, sahilyanı infrastruktur, balıqçılıq və digər fəaliyyət istiqamətləri üçün yeni şərtlər yarada bilər. Buna görə də məsələyə yalnız ayrı-ayrı ekosistemlərin vəziyyəti kimi deyil, təbii və sosial-iqtisadi amillərin qarşılıqlı təsiri baxımından kompleks yanaşmaq tələb olunur.
Coğrafiyaçı-alim hesab edir ki, Xəzər dənizində səviyyə dəyişikliklərinin uzunmüddətli dinamikasının öyrənilməsi və sahilyanı ərazilərin ekoloji vəziyyətinin sistemli şəkildə qiymətləndirilməsi gələcək risklərin daha düzgün proqnozlaşdırılmasına imkan verə bilər. Bunun üçün müxtəlif elmi istiqamətlər üzrə aparılan tədqiqatların əlaqələndirilməsi, monitorinq məlumatlarının mütəmadi yenilənməsi və xüsusi mühafizə olunan təbiət ərazilərində ekoloji nəzarətin gücləndirilməsi əhəmiyyətlidir. Xəzər dənizinin səviyyəsinin dəyişməsi sahil xəttinin transformasiyası, landşaftların dəyişməsi, canlı aləmin yaşayış mühitlərinin vəziyyəti və biomüxtəlifliyin qorunması ilə birbaşa əlaqəlidir. Bu baxımdan Xəzərin geri çəkilməsinin ekoloji nəticələrinin davamlı şəkildə araşdırılması və sahilyanı ekosistemlərin mühafizəsinə yönəlmiş tədbirlərin elmi əsaslarla planlaşdırılması xüsusi əhəmiyyət daşıyır.
Zaur İmrani: Xəzərin səviyyə dəyişikliyi təsərrüfat sahələrinə ciddi təsir göstərə bilər VİDEO
Dövlət qulluğuna qəbul üzrə test imtahanına qeydiyyat başlanıb
Doktoranturaya qəbul üzrə fəlsəfə imtahanlarının vaxtı və yeri açıqlanıb
Coğrafiyaçı-alim: Xəzərin geri çəkilməsi sahilyanı ekosistemlərin dəyişməsinə səbəb ola bilər VİDEO
Lisey və gimnaziyalara qəbul olunan şagirdlərin sənədləri avqustun 27-dək təqdim edilməlidir