×
A
A
A
Sazlamalar

Məhəmməd Asif Nur: TRIPP yalnız Naxçıvanı deyil, Pakistanı da Avropaya yaxınlaşdırır

Bakı, 20 avqust, AZƏRTAC

“Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu”nun (TRIPP) həyata keçirilməsi Cənubi Qafqazın iqtisadi coğrafiyasında mühüm dəyişikliklərə səbəb ola bilər. Layihənin ilkin əhəmiyyəti Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında maneəsiz bağlantının yaradılmasından ibarətdir. Lakin onun daha geniş əhəmiyyəti TRIPP-in Orta Dəhliz, Bakı–Tbilisi–Qars dəmir yolu, Bakı Beynəlxalq Dəniz Limanı, Türkiyənin nəqliyyat şəbəkəsi və Mərkəzi Asiyada formalaşan logistika sistemləri ilə nə dərəcədə səmərəli inteqrasiya olunacağından asılıdır.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Pakistanın Sülh və Diplomatik Araşdırmalar İnstitutunun təsisçisi, iqtisadi analitik və politoloq Məhəmməd Asif Nur deyib.
O bildirib ki, Naxçıvan Şərq–Qərb və Şimal–Cənub nəqliyyat dəhlizlərini birləşdirən mühüm qovşağa çevrilmək potensialına malikdir. Prezident İlham Əliyevin Naxçıvanın gələcəkdə nəqliyyat qovşağı kimi roluna xüsusi diqqət yetirməsi mühüm əhəmiyyət daşıyır. Naxçıvan dəmir yolu infrastrukturunun yenidən qurulması, Türkiyə ilə bağlantının gücləndirilməsi və Culfa dəmir yolu qovşağı vasitəsilə İrana çıxışın mövcudluğu Naxçıvana eyni vaxtda bir neçə nəqliyyat istiqamətinə xidmət etmək imkanı verə bilər. TRIPP Orta Dəhlizə strateji baxımdan əhəmiyyətli əlavə qol gətirə bilər. Layihə Azərbaycan ərazisindən hərəkət edən yüklər üçün Türkiyə və Avropa bazarlarına əlavə çıxış imkanı yaratmaqla yanaşı, daha geniş Transxəzər nəqliyyat şəbəkəsinin dayanıqlığını gücləndirə bilər. Bu, yalnız məsafələrin qısaldılması məsələsi deyil. Müasir ticarət dəhlizləri alternativ marşrutların, proqnozlaşdırılan sərhəd prosedurlarının və hər hansı istiqamətdə fasilə yarandıqda yük axınını digər marşruta yönəltmək üçün kifayət qədər imkanların olmasını tələb edir. Cənubi Qafqazda daha bir işlək bağlantının yaradılması TRIPP vasitəsilə Orta Dəhlizi daha çevik, kommersiya baxımından daha cəlbedici və geosiyasi risklərə daha davamlı edə bilər.
Politoloq TRIPP-in Pakistan üçün real imkanlar yaratdığını, lakin bu imkanlara realist yanaşmağın vacib olduğunu qeyd edib. Onun sözlərinə görə, TRIPP avtomatik olaraq Pakistanla Avropa arasında birbaşa nəqliyyat dəhlizi yaratmayacaq. Bunun üçün, ilk növbədə, Pakistanın Xəzər və Mərkəzi Asiyanın nəqliyyat sistemləri ilə etibarlı bağlantılarının formalaşdırılması tələb olunur. Ən praktik qərb marşrutu Pakistan–İran–Azərbaycan–Naxçıvan–Türkiyə xətti ola bilər. Bu marşrut Pakistanın limanlarını və sənaye mərkəzlərini Azərbaycanın Şimal–Cənub və Şərq–Qərb dəhlizlərinin kəsişməsindəki mövqeyi ilə birləşdirə bilər. Digər mümkün istiqamət Pakistanın Əfqanıstan vasitəsilə Mərkəzi Asiyaya, oradan isə Xəzər dənizini keçərək Azərbaycana, daha sonra Naxçıvan və Türkiyə üzərindən Avropaya çıxışını nəzərdə tutur. Pakistanın Çin və Qazaxıstan vasitəsilə marşrutları da CPEC-lə əlaqəli logistikanın Transxəzər şəbəkəsinə qoşulması üçün əlavə imkan yarada bilər. Lakin bu marşrut daha uzun olduğundan bütün yük kateqoriyaları üçün deyil, müəyyən məhsullar üçün kommersiya baxımından əlverişli ola bilər Pakistan–İran–Azərbaycan–Naxçıvan–Türkiyə xətti xüsusilə böyük praktik potensiala malikdir. Bu marşrut Pakistanın dəniz limanlarını Azərbaycanın geostrateji mövqeyi ilə birləşdirə bilər. Prezident İlham Əliyevin 2026-cı il avqustun 11-də Şimal–Cənub dəhlizinin Pakistan istiqamətində genişləndirilə biləcəyini qeyd etməsi xüsusi əhəmiyyət daşıyır. Bu yanaşma Pakistanı Azərbaycanın inkişaf etdirdiyi geniş bağlantı siyasətinin coğrafi məntiqinə daxil edir.

Pakistanın belə bir sistemdə iştirak üçün artıq bir sıra imkanlara malik olduğunu bildirən ekspert deyib: “Azərbaycan Pakistan üçün Xəzər regionu ilə Avropa arasında əsas logistika körpüsünə çevrilmək baxımından əlverişli mövqeyə malikdir. Bakı Beynəlxalq Dəniz Limanı, Bakı–Tbilisi–Qars dəmir yolu, Azərbaycanın müasir avtomobil və dəmir yolları, eləcə də gömrük infrastrukturu bunun üçün mühüm fiziki baza yaradır. TRIPP və Naxçıvan dəmir yolunun modernləşdirilməsi Türkiyəyə doğru əlavə marşrut yarada bilər. Pakistanlı ixracatçılar üçün bu, tekstil, cərrahi alətlər, əczaçılıq məhsulları, idman malları, düyü, emal olunmuş ərzaq məhsulları, informasiya texnologiyaları avadanlığı və yüngül mühəndislik məhsullarının yeni bazarlara çıxarılması imkanlarını genişləndirə bilər”.

Azərbaycan, Türkiyə və Pakistan üçün yeni nəqliyyat-logistika mexanizmi

Pakistanlı ekspert növbəti mərhələdə Azərbaycan, Türkiyə və Pakistanın iştirakı ilə, Qazaxıstan, Özbəkistan və Türkmənistanın da qoşula biləcəyi nəqliyyat və logistika üzrə işçi qrupunun yaradılmasını təklif edib. Onun sözlərinə görə, belə bir mexanizmin ilkin vəzifəsi iki istiqamətdə pilot yükdaşımalarının həyata keçirilməsi ola bilər: Pakistan-İran-Azərbaycan-Naxçıvan-Türkiyə və Pakistan–Mərkəzi Asiya–Xəzər–Azərbaycan–Türkiyə.
“Bu sınaq daşımaları sərhəd keçidlərində, sığorta, yükdaşıma, gömrük və yüklərin bir nəqliyyat növündən digərinə keçirilməsi ilə bağlı konkret maneələri müəyyən etməyə imkan verər. Bundan sonra həmin maneələrin aradan qaldırılması üçün praktiki mexanizmlər hazırlana bilər. Üç qardaş ölkə – Azərbaycan, Türkiyə və Pakistan Qvadar və ya Kəraçi limanında, Ələt limanında və Türkiyədə uyğun terminalda qarşılıqlı logistika imkanlarının yaradılmasını nəzərdən keçirə bilər. Pakistanın Mərkəzi Asiya ölkələri üçün limanlarında yer ayırması faydalı modeldir. Azərbaycan və Türkiyə də Pakistan və Mərkəzi Asiya yükləri üçün müvafiq imkanlar yarada bilər. Birgə logistika şirkətləri, gömrük nəzarətində olan anbarlar, yükdaşıma platformaları və müntəzəm blok-qatar və ya yük avtomobili xidmətləri siyasi xoşməramlılığı davamlı kommersiya dövriyyəsinə çevirə bilər. Azərbaycan və Türkiyə artıq iri transsərhəd enerji sistemlərinin yaradılması sahəsində mühüm təcrübəyə malikdir. Bərpaolunan elektrik enerjisinin ötürülməsi və yaşıl enerji dəhlizləri üzrə genişlənən əməkdaşlıq gələcəkdə Pakistan və Mərkəzi Asiyadakı investisiya imkanları ilə əlaqələndirilə bilər”, – deyə Asif Nur qeyd edib.
O hesab edir ki, Qazaxıstan və Türkmənistan Xəzər limanları və gəmiçilik imkanları ilə, Özbəkistan isə Mərkəzi Asiyanı Əfqanıstan və Pakistanla birləşdirən sənaye və logistika tərəfdaşı kimi bu prosesdə mühüm rol oynaya bilər. Bu sistemdə Azərbaycan Xəzər üzərindən əsas körpü, Türkiyə Avropa və Aralıq dənizi bazarlarına çıxış, Mərkəzi Asiya mühüm istehsal və tranzit regionu, Pakistan isə cənub istiqamətində dəniz çıxışı rolunu oynaya bilər. Daha böyük perspektiv Pakistan və Mərkəzi Asiyadan Azərbaycan və Türkiyə vasitəsilə Avropaya qədər uzanan vahid iqtisadi məkanın formalaşmasıdır.

Müxbir - Səbinə Əlizadə

2026-08-20 13:50:00