


Ekspert: Yeni Fərman qeyri-neft-qaz məhsulları ixracının daha uzaq coğrafiyalara yayılmasına kömək edəcək
Bakı, 20 avqust, AZƏRTAC
Prezident İlham Əliyevin 2026-cı il 9 iyun tarixli “Qeyri-neft-qaz mallarının ixracının stimullaşdırılması və daşıma xərclərinin dəstəklənməsi ilə bağlı əlavə tədbirlər haqqında” Fərmanı ixracyönümlü artım strategiyasının həyata keçirilməsi istiqamətində ixrac zamanı çəkdikləri xərclərin müəyyən qisminin dövlət dəstəyi ilə dəstəklənməsini əhatə edir. Bu Fərman xüsusilə qeyri-neft-qaz malları ixrac edən və ixrac prosesi zamanı logistika fəaliyyəti göstərən sahibkar subyektləri üçün əlavə imkanları yaradır.
Bunu AZƏRTAC-a açıqlamasında iqtisadçı-ekspert Cəbrayıl Vəliyev bildirib.
Ekspert qeyd edib ki, dəstək mexanizmləri ixracdan əvvəl, proses boyunca və sonrasını əhatə edir. Bu mexanizm ixrac prosesinə dəstək olmaqla, 2026-cı il sentyabrın 1-dən qüvvəyə minəcək və 2036-cı il sentyabrın 30-dək həyata keçiriləcək ixrac və daxili daşımalara münasibətdə tətbiq olunmaqla 2036-cı il dekabrın 31-dək qüvvədə qalacaq. Bu isə qeyd olunan dəstək mexanizminin 10 illik bir dövrü əhatə edəcəyini və davamlılığını göstərir. Bu cür uzunmüddətli dəstək mexanizmləri sahibkarların ixrac düşüncələrinin formalaşmasına stimul verməklə bu istiqamətdə fəaliyyətlərinin artmasına və ixracın şaxələndirilməsinə kömək edəcək. Fərmanda qeyd olunan dəstək mexanizmləri əslində sadəcə ixracyönümlü mallar ixrac edən sahibkarlara istiqamətlənmir, eyni zamanda, ixrac prosesində yer alan və dəyər zəncirinin yaradılmasında və ixrac xərclərinin formalaşmasında əhəmiyyətli rol oynayan logistika fəaliyyətlərini həyata keçirən yerli sahibkarlar üçün də əlavə gəlir imkanları yaradır. İxracın genişlənməsi bu prosesdə iştirak edən hər bir dəyər zənciri halqası üçün əlavə gəlirlər gətirəcək: “Burada bir nüansı da qeyd etmək istəyirəm ki, əsasən daşıma xərcləri ixrac ediləcək ölkələrin məsafəcə yaxın və ya uzaq olmasına, daşınan malın növündən və nəqliyyat növündən asılı olaraq təqribən bütün xərclərin 15-30 faizini əhatə etməkdədir və kifayət qədər xərclərdə ciddi paya sahibdir. Qonşu ölkələrdə bu daşıma xərci aşağı olsa da, uzaq məsafələrdə artmaqdadır, eyni zamanda, daşınan malların xüsusiyyətindən asılı olaraq, misal üçün tez xarab ola biləcək qida məhsullarının daşınması soyuduculu nəqliyyat vəsaiti tələb etdiyi üçün xərclər arta bilər. Daşıma xərclərinin dövlət tərəfindən dəstəklənməsi ixrac coğrafiyasının şaxələndirilməsinə və qeyri-neft-qaz məhsulları ixracının daha uzaq coğrafiyalara doğru yayılmasına kömək edəcək”.
C.Vəliyev əlavə edib ki, əsasən uzaq məsafələrdə xərclər daha yüksəkdir və buna görə ancaq qonşu ölkələrə ixrac edən sahibkarlar artıq sırf bu xərcin çox olmasına görə digər ölkələrə ixrac edə bilməyən sahibkarlar qarşısında yeni imkanlar, yeni bazarlara giriş fürsətləri yaranır: “Eyni zamanda, qeyd edə bilərik ki, bütün növ nəqliyyat vasitələri bu dəstək mexanizmində nəzərə alınıb. Əgər daşıma Azərbaycan Respublikasında qeydiyyata alınmış nəqliyyat vasitələri ilə həyata keçirildiyi zaman daşıma xərclərinin 70 faizə qədəri, başqa ölkələrdə qeydiyyatda olan nəqliyyat vasitələri ilə həyata keçirildikdə isə daşıma xərclərin 50 faizi qarşılanacaq. Bu fərq həm də yerli logistika şirkətlərinin də gəlirlərinin və müştəri bazasının artmasına imkan yaradır. Naxçıvandan ölkənin digər bölgələrinə olan daşımalar da bu dəstək mexanizmindən faydalanacaq. Bu da Naxçıvanda yerləşən sahibkarlar üçün xərclərin azalmasına və hətta öz məhsullarının digər bölgələrdə yer alan sahibkarlar vasitəsilə ixracına da şərait yarada bilər”.
Məhəmməd Asif Nur: TRIPP yalnız Naxçıvanı deyil, Pakistanı da Avropaya yaxınlaşdırır
Yuri Boçarov: Naxçıvandan təkcə qatarlar deyil, investisiyalar və texnologiyalar da keçməlidir
Naxçıvanın böyük potensialı var – Ekspert rəyi
Politoloq: Naxçıvanın blokadası bitir, qədim diyar yenidən Şərqin qapısına çevrilir