


Naxçıvanda 5 məktəbəqədər təhsil müəssisəsinin tikintisi planlaşdırılır VİDEO
Naxçıvan, 20 avqust, AZƏRTAC
Prezident İlham Əliyevin Naxçıvan Muxtar Respublikasına səfəri bir çox sahələrdə sosial-iqtisadi inkişafın sürətlənməsinə təkan verib. Səfər çərçivəsində təqdim olunan layihələrdən də göründüyü kimi, muxtar respublikanın gələcək sosial-iqtisadi inkişafı istiqamətində bir sıra mühüm layihələrin həyata keçirilməsi dövlətin diqqət mərkəzindədir. Səfərin ardından Prezidentin imzaladığı Sərəncam da Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafının sürətləndirilməsi baxımından mühüm addımlardan biridir. Sərəncamda təhsil sahəsinə də xüsusi yer verilib, bu istiqamətdə mühüm layihələrin həyata keçirilməsi nəzərdə tutulub.
Bu sözləri AZƏRTAC-ın bölgə müxbirinə açıqlamasında Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi Aparatının Məktəbəqədər və ümumi təhsilin idarə edilməsi şöbəsinin müdiri Elşən Qəbulov deyib. O qeyd edib ki, Sərəncamın icrası çərçivəsində 5 məktəbəqədər təhsil müəssisəsinin tikintisi planlaşdırılır. Həmin müəssisələrin Naxçıvan şəhərinin Bulqan, Ordubad rayonunun Dəstə, Culfa rayonunun Əbrəqunus, Kəngərli rayonunun Qarabağlar kəndlərində və Şərur şəhərində inşa olunması nəzərdə tutulur. Hazırda bu istiqamətdə layihələndirmə işləri həyata keçirilir. Beş məktəbəqədər təhsil müəssisəsinin tikintisi üçün dövlət tərəfindən 20 milyon manat vəsait ayrılıb.
"Qeyd edim ki, Əbrəqunus kəndində inşa olunacaq məktəbəqədər təhsil müəssisəsinin 240 yerlik, digər dörd müəssisənin isə hər birinin 100 yerlik olması nəzərdə tutulur. Bu layihələrin, xüsusilə kənd yerlərində həyata keçirilməsi burada yaşayan uşaqların məktəbəqədər təhsilə əlçatanlığının artırılmasına və məktəbəqədər təhsilin əhatə dairəsinin genişləndirilməsinə mühüm töhfə verəcək. Bu diqqət və qayğıya görə dövlət başçısına dərin minnətdarlığımızı bildiririk", - deyə nazirlik rəsmisi əlavə edib.
Müxbir - Nail Əsgərov
Tovuzda 41 yaşlı qadını ilan sancıb
Dövlətə məxsus “Kotam” qırmadaş yatağının bir hissəsi özəlləşdirilib
Xocavənddə rəqəmsal təhlükəsizlik təlimlərindən 140 uşaq faydalanıb
“Azərişıq” Naxçıvanın bir sıra kənd və qəsəbələrinin elektrik şəbəkəsini yenidən qurur