


Xocavənddə rəqəmsal təhlükəsizlik təlimlərindən 140 uşaq faydalanıb VİDEO
Xocavənd, 20 avqust, AZƏRTAC
Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin Xüsusi nümayəndəliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı, Azərbaycan Skautlar Assosiasiyası İctimai Birliyinin dəstəyi ilə Xocavənddə uşaqların rəqəmsal mühitdə təhlükəsizliyinin təmin olunmasına həsr edilən təlimlər yekunlaşıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, “Rəqəmsal mühitdə uşaqların təhlükəsizliyinin qorunması” mövzusunda növbəti və yekun təlim Xocavənd şəhərində təşkil olunub.
Təlimdə uşaqlara internetdən və sosial şəbəkələrdən təhlükəsiz və düzgün istifadə qaydaları izah edilib, rəqəmsal mühitdə qarşılaşa biləcəkləri təhlükələr barədə ətraflı məlumat verilib. Şəxsi məlumatların, parolların, fotoşəkillərin və digər məxfi məlumatların tanımadıqları şəxslərlə paylaşılmamasının vacibliyi diqqətə çatdırılıb.
Uşaqlara kibertəhlükələr, kiberzorakılıq, saxta hesablar, şübhəli keçidlər və internetdə yayılan yanlış məlumatlardan qorunma yolları öyrədilib. Həmçinin sosial şəbəkələrdə tanımadıqları şəxslərlə ünsiyyət zamanı diqqətli davranmağın, şübhəli mesaj və keçidlərə cavab verməməyin vacibliyi izah olunub.
Təlim zamanı uşaqlara təhlükəsiz parol yaratmaq, hesablarının məxfilik parametrlərini düzgün tənzimləmək, şəxsi məlumatlarının qorunmasına diqqət yetirmək və internetdə rastlaşdıqları narahatedici və ya təhlükəli hallarda valideynlərinə, müəllimlərinə və digər etibarlı böyüklərə müraciət etmək barədə praktiki tövsiyələr verilib. Bildirilib ki, rəqəmsal texnologiyalardan yalnız təhlükəsiz deyil, həm də faydalı və səmərəli istifadə etmək, internetdən təhsil və şəxsi inkişaf məqsədilə yararlanmaq uşaqların rəqəmsal savadlılığının artırılmasında mühüm əhəmiyyət daşıyır.
Təlimlər çərçivəsində uşaqlara müxtəlif maarifləndirici materiallarla yanaşı, kitablar da hədiyyə edilib.
Qeyd edək ki, Xocavənd rayonunda uşaqlar üçün təşkil olunan təlimlərə ilk olaraq Hadrut qəsəbəsində start verilib. Daha sonra Qırmızı Bazar qəsəbəsi və Sos kəndində, sonuncu tədbir isə Xocavənd şəhərində keçirilib. Ümumilikdə təlimlərdə 140 uşaq iştirak edib.
Təlimlərin əsas məqsədi uşaqların rəqəmsal bacarıqlarını inkişaf etdirmək, onları internet mühitində mövcud risklər barədə məlumatlandırmaq, təhlükəsiz rəqəmsal davranış qaydalarını aşılamaq və uşaqların rəqəmsal mühitdə daha şüurlu və məsuliyyətli davranış vərdişlərinin formalaşdırılmasına dəstək göstərməkdir.
Müxbir-Aydın Yavərzadə
İki əsrin yadigarı, Qafqazın ən hündür minarəsi - REPORTAJ
Tovuzda 41 yaşlı qadını ilan sancıb
Dövlətə məxsus “Kotam” qırmadaş yatağının bir hissəsi özəlləşdirilib
Xocavənddə rəqəmsal təhlükəsizlik təlimlərindən 140 uşaq faydalanıb VİDEO
“Azərişıq” Naxçıvanın bir sıra kənd və qəsəbələrinin elektrik şəbəkəsini yenidən qurur