×
A
A
A
Sazlamalar

Avropada təbii qazın qiyməti martdan bəri ən yüksək səviyyəyə çatıb

Berlin, 19 avqust, AZƏRTAC
Avropada təbii qazın qiyməti mart ayından bəri ən yüksək səviyyəyə çatıb.
AZƏRTAC “Spiegel” nəşrinə istinadla xəbər verir ki, Niderlandın TTF habında qaz fyuçersinin qiyməti meqavat/saat üçün 64,60 avro təşkil edib. Bu, martın ortalarından bəri qeydə alınan ən yüksək göstəricidir.
Qazın bahalaşmasına Hörmüz boğazında ticarət gəmilərinə hücumlarla bağlı narahatlıqlar və Körfəz bölgəsindən tədarükünün tezliklə normallaşmasının mümkün olmaması təsir göstərir. Son iki həftədə qazın qiyməti 20 faizdən çox artıb. İran Hörmüz boğazının açılması üçün ABŞ ilə iyunun ortalarında imzalanmış çərçivə sazişinin icrasını tələb edir.
Qiymət artımı Avropada qaz anbarlarının doluluq nisbətinin ötən illə müqayisədə aşağı olduğu vaxta təsadüf edir. “Gas Infrastructure Europe”nin (GIE) məlumatına görə, Avropadakı anbarların doluluq nisbəti hazırda 61,40 faiz, Almaniyada isə 50,06 faizdir. Ötən ilin eyni dövründə bu göstəricilər müvafiq olaraq 74 və 67 faiz olub.
Almaniyanın Qaz Magistral Şəbəkəsi Operatorları Assosiasiyası (FNB Gas) bildirib ki, ölkədə noyabrın 1-dək qanunla müəyyən edilmiş qaz ehtiyatı səviyyəsinə çatmaq artıq çətin görünür. Hətta qaz anbarlarının sutkada 1,2 TVt-saat (TWh) sürətlə doldurulması belə tələb olunan göstəriciyə çatmağa kifayət etməyə bilər.

Elvin Mövsüm
AZƏRTAC-ın xüsusi müxbiri
Berlin

Dünya 2026-08-19 17:49:00