


Noder Alibekov: Özbəkistan və Azərbaycan startaplar sahəsində çoxsaylı birgə layihələr həyata keçirir VİDEO
Daşkənd, 19 avqust, AZƏRTAC
Özbəkistan və Azərbaycan informasiya texnologiyaları və startaplar sahəsində əməkdaşlığı fəal şəkildə inkişaf etdirir, iki ölkənin şirkətlərinin bir-birinin bazarlarına çıxması üçün yeni imkanlar yaradır.
Bunu Özbəkistanın Rəqəmsal Texnologiyalar Nazirliyinin rəqəmsal iqtisadiyyat idarəsinin rəisi Noder Alibekov AZƏRTAC-a açıqlaması zamanı deyib.
“Azərbaycanla çox sıx əlaqələrə malikik, çoxsaylı birgə layihələrimiz var. Hazırda iki ölkənin startap ekosistemləri demək olar ki, eyni sürətlə inkişaf edir və oxşar məqsədlərə malikdir. Bizim də ixrac potensialının artırılmasına, yeni iş yerlərinin yaradılmasına yönəlmiş eyni dərəcədə iddialı məqsədlərimiz və eyni dəyərlərimiz var”, – deyə o bildirib.
Rəqəmsal Texnologiyalar Nazirliyinin nümayəndəsi Azərbaycan İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi (IDDA) ilə əməkdaşlığa xüsusi diqqət yetirib: “IDDA – “Innovation and Digital Development Agency”, mahiyyət etibarilə Özbəkistanın “IT Parkı”na analoji qurumdur. Bizim əməkdaşlıq barədə anlaşmamız var, memorandum imzalanıb. Həmçinin startapların inkişafına yönəlmiş çoxsaylı birgə müsabiqələr və mərhələlər keçirilir”.
Noder Alibekov qarşılıqlı fəaliyyətin artıq dövlət strukturlarının çərçivəsindən kənara çıxdığını, özbək və azərbaycanlı startapların bir-birinin bazarlarında fəaliyyət göstərdiyini vurğulayıb.
“Hazırda bizim startaplarımız Azərbaycan ərazisində də fəaliyyət göstərir, azərbaycanlı startaplar isə Özbəkistan bazarında işləyirlər. Buna görə də çoxsaylı birgə layihələrimiz var. İki ölkənin startap ekosistemləri arasında əlaqələrin möhkəmləndirilməsində Azərbaycanda keçirilən beynəlxalq tədbirlər mühüm rol oynayır. Bunların arasında iştirak etdiyimiz “INMerge”, eləcə də “Baku ID” tədbirləri var. Startaplarımız bu tədbirlərdə iştirak edərək beynəlxalq mentorlarla əlaqə yaratmaq və beynəlxalq investisiyalar cəlb etmək imkanı əldə edirlər”, – deyə Özbəkistan Rəqəmsal Texnologiyalar Nazirliyinin nümayəndəsi qeyd edib.
O, həmçinin iki ölkənin sahibkarları və texnologiya şirkətləri arasında əməkdaşlığın daha da genişləndirilməsində maraqlı olduqlarını bildirib: “Biz əməkdaşlığı inkişaf etdirmək istəyirik ki, Özbəkistan və Azərbaycan şirkətləri yalnız iki ölkənin bazarlarında fəaliyyət göstərməklə kifayətlənməsin, həm də üçüncü ölkələrin bazarlarına birgə çıxa bilsinlər”.
Xarici İT şirkətləri üçün imkanlardan danışaraq o, Özbəkistanın ölkədə ofislərin yerləşdirilməsi və kadr potensialından istifadə üçün şərait yaratdığını qeyd edib. Noder Alibekovun sözlərinə görə, gələcəkdə Azərbaycanla tərəfdaşlığın inkişaf etdirilməsi iki ölkənin startapları üçün beynəlxalq imkanların genişlənməsinə kömək edəcək.
“Bu, bizim məqsədimizdir – ixracı və iş yerlərinin sayını artırmaq”, – deyə o sözlərini yekunlaşdırıb.
Azərbaycandan tranzit keçməklə Rusiyadan Ermənistana növbəti tədarük həyata keçirilib VİDEO
Azərbaycandan Bolqarıstana xam neft ixracı kəskin artıb
Naxçıvan Avrasiya nəqliyyat xəritəsində mühüm logistika mərkəzinə çevrilir - MÜSAHİBƏ
® “PAŞA Holdinq” gənc hüquqşünaslar üçün “LEGIS” Mentorluq Proqramına start verib