×
A
A
A
Sazlamalar

Ekspert: TRIPP Orta Dəhlizin dayanıqlığını gücləndirən yeni bağlantı imkanları yaradır

Bakı, 18 avqust, AZƏRTAC

Uzun illər Azərbaycanın əsas hissəsindən ayrı vəziyyətdə olan və regional nəqliyyat şəbəkələrindən kənarda qalan Naxçıvanın Azərbaycan, Türkiyə və İran arasında strateji mövqeyi Cənubi Qafqazda dəyişən nəqliyyat-kommunikasiya arxitekturası fonunda yeni məzmun qazanıb. Xüsusilə TRIPP-in həyata keçirilməsi Naxçıvanın yalnız Azərbaycanın əsas hissəsi ilə fiziki bağlantısının təmin edilməsi baxımından deyil, Orta Dəhlizin imkanlarının genişləndirilməsi, marşrutların şaxələndirilməsi və Avrasiya ticarətinin daha dayanıqlı sistemə çevrilməsi baxımından da mühüm əhəmiyyət daşıyır.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Türkiyənin Mustafa Kamal Hatay Universitetinin Beynəlxalq münasibətlər kafedrasının müəllimi, dosent Nəzrin Əlizadə deyib.
Ekspert bildirib ki, TRIPP-in Orta Dəhliz baxımından əsas strateji üstünlüklərindən biri marşrutların şaxələndirilməsidir. Orta Dəhlizin əsas gücü Asiya ilə Avropa arasındakı ticarət axınlarının yalnız bir istiqamətdən asılılığını azaltmaq və alternativ nəqliyyat imkanları yaratmaqdır. Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında Ermənistan ərazisindən keçməklə fasiləsiz bağlantının yaradılması Azərbaycanı Xəzər üzərindən Mərkəzi Asiyaya, Naxçıvan və Türkiyə vasitəsilə isə Anadolu və Avropa bazarlarına bağlayan daha bütöv nəqliyyat sisteminin formalaşmasına imkan verə bilər. Bu mənada Naxçıvanı yalnız Azərbaycanın əsas hissəsi ilə Türkiyə arasında keçid məntəqəsi kimi qiymətləndirmək düzgün olmazdı. Naxçıvan Xəzər, Cənubi Qafqaz və Anadolu arasında çoxmodallı nəqliyyat şəbəkəsinin mühüm qovşaqlarından birinə çevrilmək potensialına malikdir. TRIPP də yalnız bir nəqliyyat layihəsi deyil, Cənubi Qafqazın iqtisadi və geosiyasi arxitekturasına təsir göstərə biləcək daha geniş bağlantı layihəsi kimi nəzərdən keçirilməlidir. TRIPP-in Orta Dəhlizin imkanlarını genişləndirməsi yalnız yeni dəmir yolu və ya avtomobil yolunun çəkilməsi ilə məhdudlaşmır. Dəhlizin real iqtisadi səmərəsi onun bütün elementlərinin – dəmir yollarının, limanların, Xəzər dənizində daşımaların, gömrük prosedurlarının, tariflərin, rəqəmsal yük izləmə sistemlərinin və sərhəd keçidlərinin bir-biri ilə nə dərəcədə əlaqələndirilməsindən asılıdır. Buna görə də Orta Dəhlizin inkişafı kompleks yanaşma tələb edir. TRIPP-in əsas üstünlüyü mövcud marşruta sadəcə yeni bir yol əlavə etmək deyil. Əsas məsələ bütövlükdə sistemi daha çevik, şaxələndirilmiş və dayanıqlı etməkdir. Müasir beynəlxalq ticarətdə marşrutun qısa olması qədər onun siyasi baxımdan sabitliyi, alternativlərinin mövcudluğu və fasiləsiz işləməsi də mühüm əhəmiyyət daşıyır. TRIPP Azərbaycan–Naxçıvan–Türkiyə bağlantısını gücləndirməklə Orta Dəhlizin müxtəlif hissələri arasında əlavə əlaqə yarada və Cənubi Qafqazın Avropa ilə Mərkəzi Asiya arasındakı ticarət axınlarında rolunu gücləndirə bilər.
N.Əlizadə bildirib ki, Naxçıvan istiqamətində dəmir yolu infrastrukturunun modernləşdirilməsi ilə illik yükdaşıma qabiliyyətinin 15 milyon tona çatdırılmasının nəzərdə tutulması da diqqətçəkən məqamlardandır. Eyni zamanda, TRIPP-in Ermənistan ərazisindən keçən hissəsinin təxminən 42 kilometr olması planlaşdırılır. Bu hissələr fərqli siyasi və hüquqi çərçivələrə tabe olsa da, iqtisadi baxımdan eyni nəqliyyat zəncirinin elementləridir. Buna görə də onların vahid tarif, texniki standartlar, rəqəmsal izləmə mexanizmləri və koordinasiyalı logistika idarəçiliyi ilə əlaqələndirilməsi dəhlizin səmərəli fəaliyyəti üçün vacibdir.

TRIPP Naxçıvanın iqtisadi inkişafını sürətləndirən mühüm katalizatora çevriləcək

Dosent beynəlxalq konsorsium modelinin bu baxımdan maraqlı olduğunu söyləyib: ”TRIPP-in Ermənistan hissəsində beynəlxalq iştirakın nəzərdə tutulması və Naxçıvan dəmir yolunun modernləşdirilməsində beynəlxalq investorların prosesə cəlb edilməsi infrastrukturun iqtisadi dəyərinin beynəlxalq səviyyədə bölüşdürülməsi baxımından yeni imkanlar yarada bilər. Burada əsas məsələ beynəlxalq investisiyanın dövlət suverenliyini əvəz etməsi deyil. Əksinə, milli suverenlik qorunmaqla layihənin iqtisadi təhlükəsizliyinin daha geniş beynəlxalq maraqlar sistemi ilə dəstəklənməsidir. Azərbaycanın enerji layihələrində formalaşmış təcrübə göstərir ki, müxtəlif ölkələrin və şirkətlərin iqtisadi maraqları bir layihədə birləşdikdə həmin infrastrukturun təhlükəsizliyi və davamlılığı ilə bağlı ortaq maraq da güclənir. TRIPP-də də qarşılıqlı iqtisadi maraqların formalaşdırılması layihənin uzunmüddətli sabitliyinə müsbət təsir göstərə bilər. Bu model Naxçıvana yalnız tranzit gəlirləri qazandırmayacaq, həm də Türkiyə, Azərbaycanın əsas hissəsi, İran, Mərkəzi Asiya və Avropa bazarları arasında yaranacaq iqtisadi hərəkətlilikdən daha çox əlavə dəyər əldə etməyə imkan verəcək”.
Ekspert enerji bağlantılarının Naxçıvanın gələcəkdə roluna ciddi təsir göstərə biləcəyini qeyd edərək deyib: “Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında elektrik bağlantısının yaradılması ilə bağlı planlar TRIPP-in nəqliyyatla yanaşı, enerji və rəqəmsal bağlantılar baxımından nəzərdən keçirilməsini zəruri edir. Nəqliyyat, enerji və rəqəmsal infrastrukturun eyni coğrafi xətt üzrə bir-birini tamamlaması Naxçıvanın regional əhəmiyyətini daha da artıra bilər. Belə bir sistem formalaşarsa, Mərkəzi Asiya–Azərbaycan–Naxçıvan–Türkiyə–Avropa xətti üzrə yalnız malların deyil, enerjinin, məlumatın və müxtəlif xidmətlərin hərəkəti asanlaşar. Bu isə artıq sadəcə nəqliyyat dəhlizindən deyil, daha geniş iqtisadi bağlantı sistemindən söhbət getdiyini göstərər. Naxçıvanın coğrafi mövqeyi, Türkiyəyə çıxışı, İranla sərhədi, Azərbaycanın əsas hissəsi ilə yaradılması nəzərdə tutulan yeni bağlantı və Orta Dəhlizlə inteqrasiya potensialı bu istiqamətdə mühüm üstünlüklər yaradır. Lakin həmin üstünlüklərin real iqtisadi nəticəyə çevrilməsi üçün nəqliyyat siyasəti sənaye və investisiya siyasəti ilə paralel həyata keçirilməlidir.
TRIPP yalnız nəqliyyat xərclərini azaltmaqla kifayətlənməməlidir. Əsas məsələ onun Naxçıvanda yeni istehsal sahələrinin, logistika mərkəzlərinin, xidmət sektorunun və investisiya imkanlarının yaranmasına təkan verməsidir. Bu baş verdikdə TRIPP sadəcə bir yol olmayacaq, Naxçıvanın iqtisadi inkişafını sürətləndirən mühüm katalizatora çevriləcək”.

Müxbir - Səbinə Əlizadə

2026-08-18 14:56:00