


Ekspert: Türkiyə Naxçıvan üçün Avropaya çıxışdır
Bakı, 18 avqust, AZƏRTAC
Naxçıvan Azərbaycanın ayrılmaz hissəsi olmaqla, Türkiyə üçün həm geosiyasi, həm iqtisadi, həm də tarixi baxımdan mühüm əhəmiyyət daşıyır. Naxçıvanın Türkiyə ilə quru sərhədinin olması iki ölkə arasında birbaşa əlaqələrin inkişafına imkan yaradır. Naxçıvan Türkiyə ilə Azərbaycan arasında mühüm nəqliyyat və ticarət bağlantısı rolunu oynayır. Buradan keçən yollar və layihələr Türkiyənin Cənubi Qafqaz və Mərkəzi Asiya ilə əlaqələrinin güclənməsinə şərait yaradır. Eyni zamanda, Naxçıvanın strateji mövqeyi Türkiyənin bölgədəki geosiyasi maraqları baxımından əhəmiyyətlidir.
Bu sözləri AZƏRTAC-a açıqlamasında Türkiyənin “Vətən” Partiyasının sədr müavini, iqtisadçı-ekspert Hasan Topkurulu deyib.
O bildirib ki, Naxçıvanın Türkiyə üçün əhəmiyyəti yalnız coğrafi mövqeyi ilə məhdudlaşmır. Tarixi, mədəni və sosial bağlar da iki tərəf arasında münasibətlərin möhkəmlənməsində mühüm rol oynayır. Buna görə də Naxçıvan Türkiyə-Azərbaycan əlaqələrinin inkişafında xüsusi strateji əhəmiyyətə malik bölgələrdən biridir. Qars-İğdır-Naxçıvan dəmir yolunun və İğdır-Naxçıvan qaz boru kəmərinin çəkilişi təsadüfi xarakter daşımır.
“Dəmir yolu işə düşdükdən sonra Orta Dəhliz marşrutunun əsas qollarından birinə çevriləcək. Ümumiyyətlə, Qars-Naxçıvan dəmir yolu Naxçıvanı bölgənin mühüm tranzit mərkəzlərindən birinə çevirəcək. Çünki bu, Naxçıvanı təkcə Türkiyə ilə yox, həm də Çin, Avropa dövlətləri və Körfəz ölkələri ilə birləşdirəcək. Naxçıvan üzərindən yükdaşımaların, muxtar respublikanın ixrac etdiyi məhsulların çeşidinin və həcminin əhəmiyyətli dərəcədə artacağı gözlənilir”, – deyə ekspert nəzərə çatdırıb.
O deyib ki, İğdır-Naxçıvan qaz boru kəməri isə Naxçıvanın enerji təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynayır. Bununla yanaşı, Naxçıvanda alternativ enerji istehsalı üçün iri layihələr həyata keçirilir. Günəşli məkan olan Naxçıvanın ildə təxminən 1000 meqavat həcmində yaşıl enerji ixrac etmək potensialı var və bu potensialdan Türkiyənin sərhəd regionlarının enerjiyə olan tələbatının təmin edilməsində istifadə edilə bilər.
Ekspert bildirib ki, Azərbaycanın iqtisadi inkişafı Naxçıvanın da inkişafına təkan verir: “Türkiyə də Naxçıvan üçün Avropaya çıxışdır. İki dost və qardaş dövlətin praqmatik siyasi xətti hər iki ölkənin regionlarının inkişafı üçün geniş imkanlar yaradır. Bu imkanlardan səmərəli istifadə olunur və heç şübhə yoxdur ki, qarşılıqlı faydalı əlaqələr yaxın gələcəkdə həm siyasi, həm də iqtisadi baxımdan öz bəhrəsini verəcək”.
Ekspert: TRIPP Orta Dəhlizin dayanıqlığını gücləndirən yeni bağlantı imkanları yaradır
Naxçıvan yeni inkişaf mərhələsinə qədəm qoyub ŞƏRH
TRIPP layihəsi Azərbaycanın tranzit-logistika mövqeyini gücləndirə bilər – ŞƏRH
Naxçıvan geosiyasi və iqtisadi reallıqlar fonunda yeni inkişaf mərhələsinə qədəm qoyur - ŞƏRH