


Özbəkistan MTRŞ əməkdaşlar üçün süni intellekt imkanlarını genişləndirir
Daşkənd, 18 avqust, AZƏRTAC
Özbəkistan və Azərbaycan 15 ildən artıqdır ki, media sahəsində təcrübə mübadiləsi, mütəxəssislərin ixtisasının artırılması və birgə layihələrin həyata keçirilməsi istiqamətlərində davamlı əməkdaşlığı inkişaf etdirirlər.
Bunu AZƏRTAC-a müsahibəsində Özbəkistan Milli Televiziya və Radio Şirkətinin (MTRŞ) nümayəndəsi Laziz Curayev deyib.
Onun sözlərinə görə, ikitərəfli əməkdaşlığın inkişafında mühüm mərhələlərdən biri 2023-cü ildə Özbəkistan Prezidentinin Azərbaycana dövlət səfəri olub. Səfər çərçivəsində, həmçinin media sahəsində əməkdaşlığın möhkəmləndirilməsini nəzərdə tutan bir sıra sənədlər imzalanıb.
“Bundan sonra biz dəfələrlə Azərbaycandan nümayəndə heyətlərini qəbul etmişik. Özbəkistan nümayəndələri də mütəmadi olaraq Bakıya səfər edir, həmkarları ilə görüşür və təcrübə mübadiləsi aparırlar”, – deyə o qeyd edib.
Özbəkistan Milli Televiziya və Radio Şirkətinin fəaliyyətindən danışan L.Curayev bildirib ki, bu qurum Mərkəzi Asiyanın ən böyük yayım təşkilatlarından biridir. Onun sisteminə 13 mərkəzi və 13 regional televiziya kanalı, həmçinin 16 radio stansiyası daxildir. Ümumilikdə, sistemdə 5 mindən çox əməkdaş çalışır.
Televiziya və radio şirkətinin fəaliyyətində süni intellektin tətbiqinə xüsusi diqqət yetirildiyini bildirən L.Curayevin sözlərinə görə, süni intellekt texnologiyalarından artıq avtomatik tərcümə, məlumatların emalı və oxunması, materialların redaktəsi və faktların yoxlanılması üçün istifadə olunur.
Bununla yanaşı, o vurğulayıb ki, süni intellekt, ilk növbədə, jurnalistlərin və digər mütəxəssislərin fəaliyyətinə dəstək vasitəsi kimi nəzərdən keçirilir və insan əməyini əvəz etmək vasitəsi kimi qəbul edilmir.
“Süni intellektdən istifadə etməklə insan resurslarını heç bir şəkildə əvəz etməyə çalışmırıq. Əksinə, süni intellektin əməkdaşların fəaliyyətində onlara faydalı olması üçün şərait yaradırıq”, – deyə o bildirib.
Özbəkistan nümayəndəsi vurğulayıb ki, iki ölkənin media qurumları arasında əməkdaşlıq peşəkar ixtisasın artırılmasına, təcrübə mübadiləsinə və yeni əlaqələrin qurulmasına xidmət edir. Bu tərəfdaşlıq, həmçinin birgə layihələrin icrası, qarşılıqlı peşəkar səfərlərin təşkili və mütəxəssis mübadiləsi üçün geniş imkanlar yaradır.
Murtəza Həsənov: Azərbaycanın sərhəd təhlükəsizliyi yüksək səviyyədə təmin olunur
Özbəkistan MTRŞ əməkdaşlar üçün süni intellekt imkanlarını genişləndirir
Hazırda 4 minədək uşağa sosial xidmət və reabilitasiya dəstəyi göstərilir