


Əcəmi Naxçıvaninin abidəsi – dahi memarın zəngin irsinə ehtiramın ifadəsi VİDEO
Naxçıvan, 15 avqust, AZƏRTAC
Naxçıvan şəhərinin tarixi-memarlıq simasına daha bir dəyərli nümunə əlavə olunub. Avqustun 11-də Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın Naxçıvana səfəri çərçivəsində şəhərin mərkəzində görkəmli memar, Naxçıvan memarlıq məktəbinin banisi Əcəmi Naxçıvaninin abidəsinin açılışı olub.
Abidənin ucaldılması XII əsrdə yaşamış dahi memarın zəngin yaradıcılıq irsinə göstərilən ehtiramın ifadəsi olmaqla yanaşı, onun adının və sənətinin gələcək nəsillərə çatdırılması baxımından da mühüm əhəmiyyət daşıyır.
Qeyd edək ki, bu il Azərbaycan memarlığının görkəmli nümayəndəsi, Naxçıvan memarlıq məktəbinin banisi Əcəmi Naxçıvaninin anadan olmasının 900 illiyi tamam olur. Prezident İlham Əliyev Əcəmi Naxçıvaninin 900 illiyinin qeyd edilməsi, həmçinin onun abidəsinin ucaldılması barədə ötən il Sərəncam imzalayıb. Bu mühüm addım Əcəmi irsinə dövlət səviyyəsində verilən yüksək qiymətin bariz ifadəsidir.
Azərbaycan memarlıq tarixində özünəməxsus məktəb formalaşdıran Əcəmi Naxçıvaninin yaratdığı Möminə xatun türbəsi, Yusif Küseyir oğlu türbəsi və digər monumental əsərlər yalnız milli memarlığımızın deyil, bütövlükdə Şərq memarlığının ən qiymətli nümunələri sırasında yer alır. Onun yaradıcılığı əsrlər boyu Naxçıvanın memarlıq simasını müəyyənləşdirən, sənətkarlıq və mühəndislik düşüncəsini özündə birləşdirən misilsiz irs kimi yaşayır. Bu baxımdan böyük memarın doğma Naxçıvanın mərkəzində abidəsinin ucaldılması sadəcə tarixi şəxsiyyətin xatirəsinin əbədiləşdirilməsi deyil, həm də Əcəmi irsinin müasir şəhər mühitində yaşadılması baxımından mühüm əhəmiyyət daşıyır. Abidə gələcək nəsilləri dahi memarın yaradıcılığı ilə daha yaxından tanış edən, Naxçıvanın zəngin memarlıq tarixini şəhərin müasir siması ilə birləşdirən mühüm mədəni-memarlıq məkanı kimi diqqəti cəlb edir.
AZƏRTAC-ın bölgə müxbirinə müsahibəsində Naxçıvan Memarlar Birliyinin sədri, Əcəmi abidə kompleksinin memarlıq üzrə layihə müəllifi Heydər Əhmədov deyib ki, abidə kompleksi 212,5 kvadratmetr ərazini əhatə edir. Müəllifləri Xalq rəssamları Salxab Məmmədov və Əli İbadullayev olan heykəlin hündürlüyü 270, postamentin hündürlüyü 90, abidənin ümumi hündürlüyü isə 385 santimetrdir. Bürüncdən hazırlanan heykəl qranit postament üzərində yerləşdirilib. Kompleksin ərazisində abadlıq işləri aparılıb, yaşıllıqlar salınıb və ətraf ərazi müasir şəhər mühitinə uyğun şəkildə təşkil olunub.
"Abidə kompleksinin ən diqqətçəkən xüsusiyyətlərindən biri onun tərtibatında Əcəmi Naxçıvaninin yaradıcılıq irsinin əsas nümunələrindən olan Möminə xatun türbəsinin memarlıq elementlərindən bəhrələnmədir. Kompleksdə türbənin ornament, naxış və formalarından, eləcə də onun memarlığında tətbiq olunan tağlardan və digər dekorativ elementlərdən istifadə edilib", - deyə o diqqətə çatdırıb.
Əcəmi Naxçıvaninin abidə kompleksi yalnız böyük memarın xatirəsini əbədiləşdirən monumental sənət əsəri deyil, həm də onun yaradıcılıq üslubunu özündə yaşadan memarlıq nümunəsidir. Möminə xatun türbəsinin əsrlərdən süzülüb gələn bədii və memarlıq xüsusiyyətlərinin abidənin tərtibatında müasir formada əks etdirilməsi Əcəmi irsinin bu gün də yaşadığını nümayiş etdirir. Naxçıvan şəhərinin mərkəzində ucaldılan abidə qarşısında dayanan hər kəsə bu qədim diyarın dünya memarlıq xəzinəsinə bəxş etdiyi böyük sənətkarı xatırladır. Əcəmi Naxçıvaninin 900 illik yubileyi çərçivəsində onun adına belə bir abidə kompleksinin yaradılması həm tarixi irsin qorunması, həm də milli memarlıq ənənələrinin gələcək nəsillərə ötürülməsi baxımından mühüm addımdır.
Müxbir - Nail Əsgərov
İmişlidə yol qəzası olub, ölən və xəsarət alan var – YENİLƏNİB
Əcəmi Naxçıvaninin abidəsi – dahi memarın zəngin irsinə ehtiramın ifadəsi VİDEO
İmişlidə 10 kiloqramdan artıq narkotik vasitə aşkarlanıb
Masallıda 9 kiloqram narkotik vasitə aşkarlanıb VİDEO
Qusarda kəndlərarası voleybol yarışı Çempionlar liqasını xatırladıb – VİDEO