×
A
A
A
Sazlamalar

Bu gün Ümumdünya Sahibsiz Heyvanlar Günüdür

Bakı, 15 avqust, AZƏRTAC
Hər il avqust ayının üçüncü şənbə günü Ümumdünya Sahibsiz Heyvanlar Günü kimi qeyd olunur. Bu tarix avqustun 15-nə təsadüf edir.
AZƏRTAC xəbər verir ki, bu günün təqvimdə yer alması təşəbbüsü Heyvan Hüquqları üzrə Beynəlxalq Cəmiyyətə məxsusdur. Təşkilat bu təkliflə 1992-ci ildə çıxış edib və təşəbbüs müxtəlif ölkələrin heyvanların müdafiəsi ilə məşğul olan təşkilatları tərəfindən dəstəklənib.
Bu tarix bayram deyil, sahibsiz heyvanların probleminə diqqət çəkmək, onların faciəvi taleyi barədə mümkün qədər çox insanı məlumatlandırmaq üçün bir fürsət hesab olunur.
Həmin gün dünyanın müxtəlif yerlərində maarifləndirici və xeyriyyə tədbirləri, aksiyalar keçirilir. Könüllülər konsertlər, müsabiqələr və hərraclar təşkil edərək, vəsait toplayırlar. Toplanan vəsait əsasən sahibsiz heyvanlara, xüsusilə it və pişiklərə yardım göstərilməsinə yönəldilir. Bu gün, həmçinin küçədə yaşayan sahibsiz it və pişiklərə yeni sahib tapmaq üçün yaxşı fürsət yaradır.
Sahibsiz Heyvanlar Gününün əsas məqsədlərindən biri heyvan sahiblərində məsuliyyətli yanaşmanı formalaşdırmaq, ev heyvanlarının nəzarətsiz çoxalmasının qarşısını almaqla sahibsiz pişik və itlərin sayının artmasına imkan verməməkdir. Bu məqsədlə bəzi baytarlıq klinikaları həmin gün it və pişiklərin pulsuz sterilizasiyasını həyata keçirir.
Həmçinin unutmaq olmaz ki, küçələrdə yaşayan heyvanların böyük bir hissəsi itmiş və ya insanlar tərəfindən küçəyə atılmış ev heyvanlarıdır.
Beynəlxalq günün diqqət çəkdiyi problem, həqiqətən də, ciddi xarakter daşıyır.
Bildirək ki, dünyada məlum olan ilk it sığınacaqlarından biri 1695-ci ildə Yaponiyada yaradılıb və burada 50 min heyvan saxlanılıb. Heyvanları qəddarlıqdan qorumağa yönəlmiş ilk qanun isə 1822-ci ildə Böyük Britaniyada qəbul edilib.
Heyvanlar üçün ən əlverişli şəraitin mövcud olduğu ölkələrdən biri Avstriyadır. Bu ölkənin qanunvericiliyi, məsələn, itlərin quyruğunun və qulaqlarının kəsilməsini, sirklərdə vəhşi heyvanlardan istifadəni, habelə pet-mağazaların vitrinlərində bala it və pişiklərin satışını qadağan edir.

Azərbaycanda sahibsiz heyvanlara qayğı

Azərbaycanda da sahibsiz heyvanların müdafiəsi və onlara qayğı göstərilməsi istiqamətində müxtəlif layihələr həyata keçirilir. Bakıda fəaliyyət göstərən IDEA Heyvanlara Qayğı Mərkəzi sahibsiz heyvanların müayinə və müalicəsi, sterilizasiyası, peyvəndlənməsi və müvəqqəti yerləşdirilməsi ilə məşğul olur. Mərkəzin fəaliyyətində heyvanların himayəyə verilməsi, məsuliyyətli sahibliyin və heyvanlara humanist münasibətin təşviqi də mühüm yer tutur.

2025-ci ildə Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyində “Sahibsiz Heyvanlara Qayğı Mərkəzi” publik hüquqi şəxsi yaradılıb. Mərkəzin əsas fəaliyyət istiqamətlərinə sahibsiz heyvanlara stasionar formada qayğı göstərilməsi, sanitar-epidemioloji sabitliyin təmin olunması məqsədilə sahibsiz heyvanların uçotunun aparılması, mərkəzə gətirilmiş sahibsiz heyvanların müayinəsi, müalicəsi, profilaktikası (vaksinasiya və dehelmintizasiyası) və digər baytarlıq-sanitariya tədbirlərinin təşkil edilməsi, onların sayının tənzimlənməsi məqsədilə həmin heyvanları mümkün qədər əziyyət və ağrılara yol vermədən (və ya məruz qoymadan) qısırlaşdırma və ya axtalama, zərurət yarandığı halda evtanaziya əməliyyatlarının həyata keçirilməsi, sahibsiz heyvanlar arasında yarana biləcək epidemiyanın qarşısının alınmasında iştirak edilməsi daxildir.
Cari ilin iyulunda Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın iştirakı ilə Yevlax şəhərində yeni yaradılmış Sahibsiz Heyvanlara Qayğı Mərkəzinin regional bölməsinin açılışı olub. Leyla Əliyevanın təşəbbüsü ilə yaradılmış regional bölmənin əsas məqsədi sahibsiz heyvanlara qayğının göstərilməsi, sanitar-epidemioloji sabitliyin təmin olunması, heyvanların uçotunun aparılması, müayinə və müalicəsinin təşkili, eləcə də profilaktik və digər baytarlıq-sanitariya tədbirlərinin həyata keçirilməsidir.
Qeyd edək ki, Yevlaxda yaradılmış yeni mərkəz Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyində “Sahibsiz Heyvanlara Qayğı Mərkəzi”nin regional bölməsi kimi fəaliyyət göstərir. Yeni bölmənin Yevlaxda yaradılması şəhərin əlverişli coğrafi mövqeyi və müxtəlif regionları birləşdirən əsas nəqliyyat yollarının qovşağında yerləşməsi nəzərə alınmaqla müəyyənləşdirilib. Regional bölmə ətraf şəhər və rayonlarda sahibsiz heyvanlarla bağlı müraciətlərə daha operativ reaksiya verilməsinə imkan yaradır.

Müxbir - Göyçək Mahmudlu

Ekologiya 2026-08-15 10:32:00