×
A
A
A
Sazlamalar

Binəqədidə ağacların kəsilməsi nəticəsində təbiətə 39 min manatdan çox ziyan dəyib

Bakı, 14 avqust, AZƏRTAC

Paytaxtın Binəqədi rayonunun Biləcəri qəsəbəsi, Asəf Zeynallı 31 ünvanında ağacların kəsilməsi və söküntü işlərinin aparılması ilə bağlı Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinə daxil olan şikayət 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları tərəfindən araşdırılıb və fakt təsdiqini tapıb.
Xidmətdən AZƏRTAC-a verilən məlumata görə, araşdırma zamanı ağacların kəsilməsi nəticəsində təbiətə 39 min 240 manat məbləğində ziyan dəydiyi müəyyən edilib. Təbiətə dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından məsələyə hüquqi qiymət verilməsi üçün toplanmış materiallar Baş Prokurorluğa göndərilməsi üçün hazırlanır.
Eyni zamanda, Dövlət Ekoloji Ekspertiza Agentliyinin müsbət ekoloji rəyi olmadan söküntü işlərinin aparılmasına görə torpaq sahəsinin mülkiyyətçisi Yusif Xudaverdiyev barəsində akt, protokol tərtib edilib və qanunamüvafiq tədbir görülüb.
Həmçinin götürülmüş ağacların yerində yeni tinglərin əkilməsi məqsədilə Bakı Şəhər İcra Hakimiyyətinin Yaşıllaşdırma Təsərrüfatı Birliyinə, ərazidə layihələndirmə işləri aparılacağı təqdirdə ərazinin yaşıllıq sahəsi kimi nəzərə alınması məqsədilə Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinə müraciət edilib.

Ekologiya 2026-08-14 20:20:00